Almaniya ordusu Ukraynanın Rusiya ilə müharibədə məğlub olması ssenarisi əsasında təlim planı hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
“NATO ilə Rusiya arasında toqquşma fevralın əvvəlində baş verə bilər. Bu, Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə edəcəyini addım-addım, aybaay təsvir edən təlim ssenarisidir. Bundesverin ssenarisinə görə, eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Tezliklə döyüşlər başlayacaq, on minlərlə alman əsgəri əməliyyatlara cəlb olunacaq”, - nəşr Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinadla yazır.
Ssenariyə görə, Rusiya yeni səfərbərlik dalğasına başlayır, fevralda daha 200 min insanı orduya çağırır. Ruslar yazda Ukraynada böyük hücuma başlayır, iyuna qədər onlar qalib gəlirlər. Bundan sonra Baltikyanı ölkələrdə toqquşmalar başlayır. Rusiya sentyabrda öz ərazisində və Belarusda irimiqyaslı “Qərb-2024” hərbi təlimləri keçirir, oktyabrda isə Suval dəhlizinə zərbələr endirmək üçün Kalininqrada qoşun və raketlər göndərir.
Ssenariyə görə, dekabrda ABŞ seçkilərindən sonra bu ölkədə sərhəd münaqişəsi və iğtişaşlar başlayır. Rusiya ABŞ-nin siyasi sisteminin iflic vəziyyətinə düşməsindən yararlanmağa çalışır. 2025-ci ilin yanvarında Polşa və Baltikyanı ölkələr NATO Şurasının toplantısını çağırır və Rusiyadan təhlükə elan edir. Eyni zamanda, martda Rusiya Belarus və Baltikyanı dövlətlərin sərhədlərinə əlavə qoşun göndərir.
Ssenariyə görə, 2025-ci ilin may ayında NATO Rusiyanın Suval dəhlizinə hücumunun qarşısını almaq üçün çəkindirmə tədbirləri haqqında qərar verir. NATO komandanı şərq cinahına 30 mini alman olmaqla 300 min hərbçinin göndərilməsini əmr edir.
Nəşr vurğulayır ki, bu ssenari NATO-nun 2024-cü ildə Baltikyanı ölkələrdə keçirəcəyi təlimlərin əsasını təşkil edir. Bundesver vurğulayır ki, müxtəlif, hətta son dərəcə qeyri-mümkün ssenarilərin nəzərdən keçirilməsi gündəlik hərbi işlərin bir hissəsidir.