Almaniya Müdafiə Nazirliyi (Bundesver) “Bild” qəzetinin NATO-nun Rusiya ilə müharibəyə hazırlığı ilə bağlı sensasion xəbərini şərh etmir, amma Rusiya təhlükəsini ciddi qəbul etdiyini təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Bundesverin sözçüsü Mitko Müller bildirib.
“Mən media xəbərini nə təsdiq, nə də təkzib edə bilərəm”, - sözçü deyib.
Eyni zamanda Müller qeyd edib ki, Bundesver cari təhlükəsizlik və siyasi təhdidlərlə məşğuldur, bura Rusiyadan gələn təhlükə də daxildir. Vəziyyətin təhlilinin nəticələri planların və təlimlərin hazırlanmasında, habelə Bundesverin daimi hərbi kontingentinin Litvada yerləşdirilməsi qərarında öz əksini tapıb.
“Təhlükələr real olmasaydı, bu kontingenti uzun illər orada yerləşdirməzdik”, - Müller vurğulayıb.
O, Almaniyanın hərbi rəhbərliyinin təhlükəyə ciddi yanaşdığını, ona görə də Bundesverin döyüş hazırlığını artırmaq üçün müxtəlif təlimlər keçirdiyini söyləyib.
“Bild”in iddiasına görə, Almaniya ordusu Ukraynanın Rusiya ilə müharibədə məğlub olması ssenarisi əsasında təlim planı hazırlayıb. Sensasion məqalədə qeyd edilir ki, NATO ilə Rusiya arasında eskalasiya fevralda başlayacaq, 2025-ci ildə isə Baltikyanı dövlətlərin ərazisində rus qoşunları ilə birbaşa qarşıdurma yaranacaq. Eyni zamanda alman nəşri NATO-nun 2024-cü ildə Baltikyanı regionda keçirilən təlimlərinin əsasının bu ssenarinin təşkil etdiyini yazıb.
Kremlin sözçüsü Dmitri Peskov “Bildin” iddiasını şərh etməkdən imtina edib.