16 Yanvar 15:58
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rejimi Nobel mükafatı laureatı, hüquq müdafiəçisi və fəal Nərgiz Məhəmmədinin həbs müddətini 15 ay uzadıb.

Teleqraf.com xəbər verir ki, Güney Azərbaycandan olan fəal sosial şəbəkələrdə “İslam Respublikası əleyhinə təbliğat aparmaq”da ittiham edilir.

Məhəmmədi 2022-ci ildə İranda molla rejimi əleyhinə keçirilən ümumxalq etirazlarını dəstəkləyib. Etirazlar 22 yaşlı Məhsa Əmininin “hicab qaydalarını pozduğu üçün” polis tərəfindən öldürülməsindən sonra başlamışdı.

Məhsa Əmininin ölümünün ildönümündə - ötən ilin sentyabrında Nərgiz və digər məhbus qadınlar Tehranda Evin həbsxanasında etiraz aksiyası keçirib və baş örtüklərini yandırıblar.

Güneyli fəalla bağlı son son “hökm” 2021-ci ildən bəri beşinci cəzadır. Qondarma hökmə görə, 12 il 3 ay həbsdə qalmalıdır. Hüquq müdafiəçisinə həmçinin 154 şallaq zərbəsi verilib, müxtəlif ictimai-siyasi qadağalara məruz qalıb.

Nərgiz Məhəmmədi ilk dəfə 2011-ci ildə həbs edilib. Ötən il Nobel sülh mükafatına layiq görülüb. Həbsdə olduğu üçün mükafatı övladları, 17 yaşlı əkizlər Əli və Kiana alıb.


Müəllif: Mənsur Rəğbətoğlu