İraq hökumətinin təhlükəsizlik üzrə müşaviri Qasım əl-Araci İranın İraqın Şimalında Ərbil şəhərində İsrail kəşfiyyatının (MOSSAD) bazasına raket zərbəsi endirməsi ilə bağlı iddiasını “yalan” adlandırıb.
Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi İran ordusu tərəfindən vurulan obyektin qərargah yox, mülki ev olduğunu söyləyib.
“Vurulan tikilinin İsrail MOSSAD-ının qərargahının olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir, həmin evə baş çəkmişik, hər küncünə baxmışıq, hər şey onun iraqlı bir iş adamının evi olduğunu göstərdi. Bu iddialar yalan və yanlışdır”, - əl-Araci bildirib.
İran bundan əvvəl İraqın şimalına raket zərbələri endirib, nəticədə dörd mülki şəxs həlak olub. İraq Tehranın addımına sərt təpki verərək, İrandakı səfirini geri çağırıb.