Rusiya bu il Ermənistana 500 milyon dollar dəyərində silah-sursat verəcək, silahların ilk hissəsi artıq İrəvana çatdırılıb. Özü də müdafiə yox, məhz hücum silahları - “Smerç” raketləri göndəriblər.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
“Rusiyanın özü Şimali Koreya və İrandan silah dilənir, Ukraynaya təcavüzünə görə hər gülləyə, raketə ehtiyacı var, amma Ermənistana yarım milyard dollarlıq silah göndərəcək. Bunun adı nədir? Bəs deyirdilər ki, Ermənistan Rusiyadan qopur, Qərbə inteqrasiya edir. İlk gündən bunun yalan olduğunu, Kremllə birgə oyun qurduqlarını deyirik. Qərbin bəzi dairələri isə ya həqiqətləri görmür, ya da özlərini görməzliyə vurub daha da özlərini nüfuzdan salırlar. Halbuki Rusiyanı Cənubi Qafqazda urvatsız edən məhz Azərbaycanın addımları oldu, Kreml bölgədə zəiflədi, NATO dövləti olan Türkiyə Bakının atdığı addımlar nəticəsində bölgədə ciddi oyunçuya çevrildi”, - partiya rəsmisi bildirib.
Natiq Cəfərli kənar güclərin bölgədə sülhə mane olduqlarını söyləyib:
“Görünən odur ki, Cənubi Qafqazda sülhü heç kim istəmir, ən böyük təhlükə də məhz budur. Rusiya sülh olacaqsa, daha da zəifləyəcəyini, hər iki ölkəyə olan-qalan təsir rıçaqlarını itirəcəyini bilir, ona görə də sülhdə maraqlı deyil. Fransa və bəzi Qərb ölkələri isə ya ağılsız, ya da elə Rusiya ilə əvvəldən əlbir olduqlarına görə sülhə maneələr yaradırlar. Görünən odur ki, dayanıqlı sülhdə Türkiyədən başqa heç bir xarici ölkənin marağı yoxdur.
Bu məqamda Azərbaycan və Ermənsitan rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür, bütün maneələrə rəğmən, sülh danışıqlarını dərinləşdirmə cəhdləri davam etdirilməli, sülhə aparan yolda ilkin razılaşma protokollarını imzalanmalıdır.
Dünya çox qarışıb, hətta daha çox qarışacaq, dünya manyak liderlərin girovuna çevrilib, siyasət institutunun, beynəlxaql hüququn məhv olduğu günlər yaşayırıq. Belə bir məqamda Cənubi Qafqazda sülhün bərqərar olması çox vacibdir, bölgəmizi ciddi təhdidlərdən kənarda tutmaq lazımdır”.