Belarusun yeni hərbi konsepsiyasına KTMT-yə üzv ölkələr və Birlik Dövlətinə (Rusiya) qarşı hücum və ya təcavüz zamanı hərbi müdaxilə haqda bənd daxil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus müdafiə naziri Viktor Xrenin məlumat verib.
“İttifaq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün fikirlərimizi toplayıb qeyd etmişik. Bu, çoxdan formalaşıb, həyata keçirilməsi tələb olunur, KTMT və Birlik Dövlətindəki müttəfiqlərimizə qarşı silahlı təcavüz zamanı görüləcək tədbirlərin hüquqi əsasını təşkil edən bütöv ayrıca fəsil formalaşdırılıb”, - Xrenin bildirib.
O söyləyib ki, həmin fəsildə Belarusun beynəlxalq təhlükəsizlik təşkilatlarının himayəsi altında sülhməramlı fəaliyyətlərdə iştirakının mümkünlüyü qeyd olunur.
Xrenin vurğulayıb ki, yenilənmiş hərbi doktrinada təhdidlərin hansı dövlətlərdən qaynaqlandığı, hərbi təhlükəsizliyə daxili və xarici təhdidlərin dairəsi, Belarusun müttəfiqlik öhdəlikləri və onların, eləcə də taktiki nüvə silahlarının tətbiqi, habelə münaqişələrin növlərinin təkmilləşdirilmiş təsnifatı və bunlara cavab tədbirləri ilə bağlı mövqe aydın şəkildə əksini tapıb.
Yanvarın 16-da Belarus Təhlükəsizlik Şurasının iclasında ölkənin yeni hərbi doktrinasının layihəsi müzakirə edilib. Müzakirələrdən sonra sənədin yekunlaşdırılması və apreldə Belarus parlamentinin təsdiqinə təqdim edilməsi qərara alınıb.
KTMT-yə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Ermənistan və Rusiya daxildir.