İtaliya baş naziri Corciya Meloninin ötən həftə sonu Türkiyəyə rəsmi səfəri zamanı əldə edilən miqrasiya razılaşması ilə bağlı təfərrüatlar italyan mətbuatında müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Meloninin şənbə günü İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra mətbuat konfransı keçirilməyib, heç bir tərəf görüşün məzmunu ilə bağlı rəsmi açıqlama verməyib.
Qapalı görüşün bəzi təfərrüatları üzə çıxıb. Məlumata görə, İtaliya Liviya üzərindən gələn qaçqınların qarşısını almaq üçün Türkiyədən dəstək istəyib.
İtaliya hökumətinə yaxın “Il Giornale” qəzeti miqrasiya ilə bağlı iki ölkə arasındakı anlaşmaya diqqət çəkib: “Baş nazirin imzaladığı müqavilə Ərdoğanın böyük nüfuza malik olduğu Liviyadan xaricə axını dayandırmaq məqsədi daşıyır”.
Nəşr bu sahədə türklərlə əməkdaşlığın yerdəki durumu dəyişəcəyini yazıb.
Məlumata görə, Meloni ilə Ərdoğan arasında ötən ilin sentyabrında BMT Baş Assambleyasının sammiti çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə bu istiqamətdə razılaşma gündəmə gətirilib. Oktyabrda isə İtaliyanın Xarici İşlər Nazirliyinin baş katibi Rikkardo Quariliya anlaşma üzərində işləmək üçün Türkiyəyə gedib. Quariliyanın səfəri zamanı həmçinin Yaxın Şərq və Afrikada əməkdaşlıq imkanları da müzakirə edilib.
“Il Giornale”nin məlumatına görə, iki ölkənin xarici işlər nazirlikləri hələ də yazılı razılaşma üzərində işləyir.
Hələlik detalları açıqlanmayan razılaşmaya İtaliyadan reaksiyalar gəlməyə başlayıb.
Keçmiş daxili işlər naziri Marko Minniti Meloninin Ərdoğanla görüşünün faydalı olduğunu düşündüyünü söyləyib:
“İtaliya Türkiyədən gələn köç axınını idarə etmək üçün Ankara ilə müqavilə imzalamaq istəsə, yaxşı olardı. Amma Liviyadan çıxışları idarə etmək üçün kömək istəmək başqa şeydir. Bunu sınamaq belə dramatik şəkildə yanlış seçim olardı”.