Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
“Türkiyə İsrailə qarşı diplomatik mövqeyini ciddi şəkildə irəli apararaq, birbaşa iqtisadi addımlar atmağa qərar verib. Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl diplomatik olaraq İsraili hədəfə almışdı, son addımı ilə isə İsraili Türkiyənin mal ixrac etdiyi ölkələr siyahısından çıxaracaq”, - məlumatda deyilir.
Xəbərdə Nəqliyyat Nazirliyinin açıqladığı rəsmi məlumata toxunulub, ötən il oktyabrın 7-dən etibarən Türkiyə ilə İsrail arasında hər gün orta hesabla 8 gəminin hərəkət etdiyi xatırladılıb.
“Bu qərar o deməkdir ki, Türkiyə İsraillə ticarət və biznesə dəstəyi dayandıracaq. Bu qərar həm də türk iş adamlarına İsraillə iş görmək qərarına gəlsələr, dövlət yardımının verilməyəcəyi ilə bağlı açıq mesaj verir”, - nəşr yazır.
“Yerusəlim Post” İsrailin Türkiyənin ixrac siyahısında 13-cü yeri tutduğu və bunun ümumi ixracatın 2.1 faizinə bərabər olduğunu vurğulayıb.
Nə Türkiyə, nə də İsrail tərəfindən iddia ilə bağlı rəsmi açıqlama verilib.