Pentaqon altıncı nəsil “B-21 Raider” strateji gizli bombardmançı təyyarələrinin ilk partiyasını hazırlamaq üçün “Northrop Grumman Corporation” ilə müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən “Breaking Defence” məlumat yayıb.
Müdafiə nazirinin satınalma və davamlılıq üzrə müşaviri Uilyam Laplante bildirib ki, sınaq nəticələrinə əsasən, “B-21”in kiçik partiyası istehsal ediləcək.
Müqavilənin təfərrüatları, təyyarələrin sayı və istehsalının vaxtı açıqlanmır.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Cerberus” adlı ilk “B-21” artıq iki sınaq uçuşunu həyata keçirib - keçən il noyabrın 10-da və yanvarın 17-də. “Northrop Grumman” korporasiyası artıq bu tipli altı təyyarə hazırlayıb.
Qeyd edək ki, “B-21 Raider” uzun mənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket və ya 5 ilə 400 kiloton arasında dəyişən səkkiz nüvə bombası daşıya biləcək. “B-21”in dəyəri 772 milyon dollar qiymətləndirilir.
“B-21 Raider” əhəmiyyətli təyyarə olduğu üçün texniki xüsusiyyətləri gizli saxlanılır.