Ağ Evin Milli Təhlükəsizlik Şurasından Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi və ABŞ-dən Ankaraya F-16 qırıcılarının satışı məsələlərinə münasibət bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurumdan Türkiyənin “Anadolu” agentliyinə məlumat verilib.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ Prezidenti Co Bayden Türkiyənin F-16 donanmasının modernləşdirilməsini əvvəldən dəstəkləyir:
“F-16 satışı NATO daxilində qarşılıqlı fəaliyyəti artıracaq və ABŞ-nin milli maraqlarına uyğundur. Xarici ölkələrə silah satışında Konqresin mühüm rolu var, biz də bu məsələdə Konqreslə işləyirik”.
ABŞ Dövlət Departamentindən də “Anadolu”ya deyilib ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi Vaşinqton tərəfindən müsbət qarşılanır, İsveç alyansı gücləndirəcək.
“Prezident Bayden uzun müddətdir Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə verdiyi dəstəyi açıq söyləyir. Bu mümkün satış ABŞ, Türkiyə və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək”, - departamentdən bildirilib.
Xarici ölkələrə silah satışında Konqresin əsas rol oynadığını vurğulayan ABŞ rəsmisi bəzi Konqres üzvlərinin İsveçin üzvlüyünün təsdiqinin F-16-ların Ankaraya satışında əsas olacağını açıq şəkildə dilə gətirdiklərini vurğulayıb.
ABŞ dövlət katibi Entoni Blinken və prezidentin müşaviri Ceyk Sallivan Türkiyə parlamentinin qərarını təqdir etdiklərini və bunun NATO-nu daha da gücləndirəcəyini söyləyib.