ABŞ Çindən xahiş edib ki, İranı Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən “Ənsarallah” qruplaşmasını (Husilər -Yəmən) dayandırsın.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” ABŞ-nin rəsmi mənbələrinə istinadla məlumat yayıb.
Britaniya nəşri yazır ki, Vaşinqtonun xahişinə baxmayaraq, Pekində razılıq əlaməti görünməyib.
“ABŞ son üç ayda dəfələrlə məsələni yüksək səviyyəli Çin rəsmiləri qarşısında qaldırıb”, - məlumatda deyilir.
Yəmənin ən sıx məskunlaşma bölgələrinə nəzarət edən İran dəstəkli husilər “Fələstinlə həmrəylik” iddiası ilə Qırmızı dənizdə ticarət gəmilərini hədəfə alır. Yəmənli yaraqlıların hücumları dənizdə sabitliyi pozub. ABŞ və Britaniya qüvvələri buna cavab olaraq son üç həftədə bir neçə dəfə “Ənsarallah”ın mövqelərinə hava zərbələri endirib.