Rusiya Dövlət Dumasının Hərbi Komitəsinin sədri Andrey Kartapolov Ukraynanın İL- 75 hərbi-nəqliyyat təyyarəsini məqsədli şəkildə vurduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Duma rəsmisi qeyd edib ki, Ukraynanın niyyəti əsir mübadiləsini pozmaq idi: “Təyyarənin hara uçduğunu, hara getdiyini qarşı tərəf çox yaxşı bilirdi”.
O söyləyib ki, artıq mübadilə mümkün deyil: “Ukrayna bizi günahlandırmaq üçün belə etdi”.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə bu gün əsir mübadiləsinin planlaşdırıldığını təsdiqləyib: “Lakin bu, alınmadı”.
A.Yusov əlavə edib ki, Kiyev təyyarədə hərbi əsirlərin olması ilə bağlı məlumatı dəqiqləşdirir.
***
14:16
Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.
Teleqraf.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ölənlərin 65-i ukraynalı əsirlərdir. Onlar Belqorod vilayətinə mübadiləyə aparılırlarmış. Göyərtədə, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.
***
13:20
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb, 63 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki,bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.
Hadisənin səbəbi və nəticələri araşdırılır.
Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.