Macarıstan heç vaxt İsveçin NATO-ya üzvlüyünə prinsipial olaraq qarşı çıxmayıb, ratifikasiyanı gecikdirmək Budapeştin siyasi oyunudur.
Teleqraf.com xəbər verir ki, bunu macar siyasi ekspert Qabor Ştir deyib.
“Belə məsələlər həmişə öz həllini tapıb. Macarıstan tərəfdən heç kim rəsmi şəkildə deməyib ki, biz İsveçin NATO-ya üzvlüyünü dəstəkləmirik. Heç kim bu barədə açıq danışmayıb. Bu o deməkdir ki, bu, siyasi oyundur, normal siyasi oyun”, - ekspert bildirib.
Ştirin sözlərinə görə, Macarıstan İsveçin üzvlüyünün ratifikasiyasının ləngiməsindən istifadə edərək, dondurulmuş vəsaitlərinin bir hissəsini Avropa fondlarından geri alıb:
“Bu siyasi oyunun digər tərəfi isə Ərdoğana onun tək olmadığına işarə idi. Nə vaxtsa əvəzində nəsə alacağıq. Maddi yox, siyasi baxımdan”.
Ekspert vurğulayıb ki, Macarıstan parlamentində səsvermə fevralda başlayacaq, bundan əvvəl İsveç Baş naziri Ulf Kristerson Budapeştə gələcək.
Türkiyə parlamenti bundan əvvəl İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Parlamentin qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək. Türkiyə prezidentinin 15 gün ərzində fərmanı imzalamaq məsələsinə baxmaq hüququ var.
Macarıstan Baş naziri Viktor Orban da bildirmişdi ki, İsveçin NATO-ya qoşulmasını dəstəkləyir, amma parlamentin üzvləri onu ratifikasiya etməkdə həvəsli deyillər, çünki bu ölkənin hakimiyyət orqanları Macarıstan haqda utanmaz yalanlar yayırlar.