Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus “Falcon 10” təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.
Teleqraf.com xəbər verir ki, qəzaya uğrayan təyyarəyə ilk olaraq Əfqanıstan silahlı qüvvələrinin Baş qərargah rəisi Qari Fasihuddin Fitrat ilə əlaqəli bir qrup şəxs çatıb.
Hadisədən xəbər tutan Bədəxşan əyalətinin qubernatoru Məhəmməd Əyyub Xalid qarət faktı ilə bağlı təhqiqata başlamaq üçün komissiya təyin edib. Sağ qalan pilotlardan birinin atası isə təyyarədən pul oğurlanması barədə məlumatın doğru olmadığını bildirib.
Qeyd edək ki, yanvarın 21-də Hindistandan Moskvaya tibbi uçuş həyata keçirən “Falcon 10” təyyarəsi Bədəxşan vilayəti ərazisindəki dağlıq bölgədə qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində iki pilot, iki tibb işçisi və iki sərnişin olub. Rusiyanın Kabildəki səfiri sərnişinlərin hər ikisinin həlak olduğunu təsdiqləyib.
Məlumata görə, xəsarət alanlara Kabildə lazımi tibbi yardım göstərilib. Hazırda onların Rusiyaya qaytarılması məsələsi həll edilir.