ABŞ Prezidenti Co Bayden HƏMAS Hərəkatı ilə İsrail arasında atəşkəs və genişmiqyaslı əsir mübadiləsi razılaşması üzrə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsü bölgəyə göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.
CIA şefi yaxın günlərdə Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani, həmçinin İsrail və Misirdən olan həmkarları ilə görüşmək üçün Avropaya gələcək. Danışıqlarda 2023-cü il oktyabrın 7-dən bəri davam edən münaqişədə (Qəzzada) ən uzun fasilə və bütün əsirlərin azad edilməsi müzakirə olunacaq.
Münaqişədə gözlənilən fasilənin müddəti məlum olmasa da, bəzi məlumatlarda İsrailin bütün əsirlərin azad edilməsi müqabilində 60 günlük atəşkəs təklif etdiyi iddia edilir.
ABŞ hökuməti Börnsün səfəri ilə bağlı sualı şərh etməkdən imtina etsə də, Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib:
“Yeni əsir müqaviləsinin bağlanması ilə bağlı müzakirələrimiz ciddi şəkildə aparılır”.
İsrail HƏMAS-dan razılaşmanın birinci mərhələsindən (əsir mübadiləsi) başlayaraq bütün qüvvələrini Qəzzadan çıxarmağı və savaşı dayandırmağı tələb edir.