Ukrayna Rusiyaya qarşı eyni vaxtda iki müharibə aparır - birbaşa cəbhə xətti və federasiyanın ərazisində. Bu da oyun qaydalarını dəyişir, Rusiyanın itkilərini daha da artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Spectator” yazır.
Nəşr Ukrayna PUA-larının Sankt-Peterburq yaxınlığındakı (Ust-Luz) neft-qaz emalı zavodu və neft terminalına hücumunu misal çəkir. Mənbənin fikrincə, belə addımlar Rusiyanın yanacaq istehsalı və ixracı imkanlarına ciddi zərbə vurur.
“Ukrayna istehsalı olan bu PUA-lar Rusiyanın karbohidrogen ticarətinə sanksiya tətbiq edən Qərbin cəhdlərindən daha uğurludur”, - təhlildə deyilir.
Nəşr onu da yazır ki, Rusiya iqtisadiyyatının təxminən 40 faizi müharibə üçün işləyir. Xərclərin böyük hissəsi neft-qaz satışı hesabına ödənilir. “The Spectator” bildirir ki, Rusiyanın infrastrukturu Ukrayna dronları üçün ideal hədəfdir.
“Nasos stansiyaları, LNG terminalları və neft emalı zavodları asan yanan məhsullarla doldurulmuş nəhəng, geniş sənaye obyektləridir. Rusiyanın Ukraynada olmayan bir zəif cəhəti var: geniş ərazisi və səpələnmiş infrastrukturu hər boru kəməri, zavod və körpünü qorumağı qeyri-mümkün edir”, - məqalədə vurğulanır.
Nəşr iddia edir ki, Ukraynanın dronlar və uzaqmənzilli raketlər sayəsində müharibəni uzatmasının nəticələri Rusiya üçün bahalı və ağrılı ola bilər:
“Eyni zamanda, bu, gələcəkdə çəkindirmə üsuluna çevrilə bilər ki, ruslar yeni müharibəyə başlamazdan əvvəl bir neçə dəfə düşünsünlər”.
Ukrayna ordusu müharibə başlayandan bəri ilk dəfə olaraq, yanvarın əvvəlindən dronlarla Sankt-Peterburq vilayətini hədəfə almağa başlayıb.