Ukraynaya hərbi yardımın artırılması böhranı uzadır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevi silahla təmin etmək üçün “artilleriya koalisiyası”nın yaradılması ilə bağlı qərarı şərh edərkən deyib.
“Prezident Makron Rusiyanın qələbəsinin yolverilməz olduğunu bildirir, Ukraynaya 40-a yaxın uzaqmənzilli SCALP raketi və yüzlərlə aviabomba, eləcə də digər silahlar göndərəcəyini vəd edir. Görünür, Paris inadla başa düşmək istəmir ki, Zelenski rejiminə hərbi yardımın artırılması təkcə Ukrayna böhranının uzanmasına yox, həm də Fransa vətəndaşlarının ölümünə gətirib çıxarır”, - Zaxarova söyləyib.
Qərbin 50-yə yaxın ölkəsi (Ramşteyn formatı) bundan əvvəl Ukraynaya artilleriya təchizatının maliyyələşdirilməsini asanlaşdırmaq üçün koalisiya yaradıb. Fransa müdafiə naziri Sebastyan Lekornu ukraynalı həmkarı Rüstem Umerovla birlikdə “Ukrayna üçün Artilleriya Koalisiyası”nın yaradıldığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi yanvarın əvvəlində Ukraynada çoxlu sayda Fransa muzdlusunun öldürüldüyünü açıqlamışdı.