Almaniya kansleri Olaf Şolts hesab edir ki, Aİ-nin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşımaq iqtidarında deyil.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının konfransında çıxış edərkən Şolts bildirib.
“Almaniyanın Ukraynaya yardımın ümumi məbləğində bu qədər böyük paya malik olması doğru deyil”, - Şolts deyib.
"Çox şey etmək bizim töhfəmiz olmalıdır, amma eyni zamanda hər kəs də bu çox şeyi etməlidir", - o əlavə edib və bildirib ki, 1 fevral sammitində Aİ Kiyevə yardım göstərməkdə yükün bölüşdürülməsi məsələsini qaldıracaq.
Şoltsun sözlərinə görə, Ukraynadakı münaqişədə “həlledici məqam yetişib”.
Kansler Kiyevi Almaniyanın həmrəyliyinə bir daha əmin edib və xatırladıb ki, Berlin 2024-cü ildə Ukraynaya dəstək üçün 7 milyard avrodan çox vəsait ayıracaq ki, bu da Aİ ölkələrinin bütün yardımlarının yarısından çoxunu təşkil edəcək.