ABŞ Prezidenti Co Bayden tezliklə Yaxın Şərqdə hərbi əməliyyatlara icazə verə bilər. Məsləhətçiləri ona simvolikdən sərt cəzaya qədər cavab variantları təklif edirlər.
Teleqraf.com xəbər verir ki, bunu “Sky News”un redaktoru Dominik Vaqhorn deyib.
“Prezident ümid edir ki, yaxın saatlarda onun seçimi vəziyyətin hansısa formada gərginləşməsinin qarşısını alacaq. Bu, əks nəticə də verə bilər. Məsul qrupa hücum əmri verə bilər, amma çoxları bunu zəif hesab edir və bir məqamı qaçırır: qrupun İrandakı himayədarlarını. Pentaqonun seçim siyahısına İrandan kənar bir bölgədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı addımlar və ya onun İran daxilindəki obyektlərinə hücum da daxildir”, - Vaqhorn bildirib.
ABŞ dövlət katibi Entoni Blinken söyləyib ki, cavabları çoxqatlı, mərhələli və zamanla davamlı ola bilər.
Pentaqonun sözçüsü Patrik Rayder də qeyd edib ki, ABŞ öz qüvvələrini qorumaq üçün lazım olan hər şeyi edəcək, amma daha böyük münaqişəyə qarışmaq niyyətində deyil.
“Sky News” bildirir ki, Bayden administrasiyası birbaşa hərbi əməliyyatlara səbəb olmadan İran və onun proksilərini çəkindirmək üçün güclü cavab variantı axtarır.