ABŞ-nin İordaniyadakı hərbi bazasına PUA hücumuna Ağ Evin cavabı İraq və Suriyadakı cavab zərbələrindən daha güclü ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə istinadla məlumat yayıb.
Telekanal iddia edir ki, ABŞ Müdafiə Nazirliyi və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır.
ABŞ Prezidenti Co Bayden bazaya hücumdan sonra artan təzyiq altındadır. CNN bildirir ki, respublikaçılar ABŞ hökumətini İrana qarşı birbaşa cavab tədbirləri görməyə çağırıblar.
Kanal qeyd edir ki, Bayden administrasiyası Suriya və İraqda İrana bağlı qruplaşmalara zərbə imkanlarını nəzərdən keçirir. Bununla yanaşı, məlumatda vurğulanır ki, ABŞ son aylarda İraq və Suriyadakı İran qruplaşmalarının silah anbarlarına dəfələrlə zərbələr endirsə də, yaraqlıların qarşısını ala bilməyib.
ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi ölkəsinin İranla müharibəyə can atmadığını söyləyib.
“Biz Yaxın Şərqdə daha geniş münaqişə axtarmırıq. Prinsipcə, prezidentin hər bir hərəkəti gərginliyin azaldılmasına yönəlib”, - Kirbi qeyd edib.