1 Fevral 22:12
7 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdəki mənfi tendensiyanın qarşısını yalnız region ölkələri ala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-də nəşr olunan “Foreign Affairs” qəzeti yazır.

Analizdə son gəlişmələrə dair “Post-Amerika regional nizamına gedən yol” ifadəsi işlədilir. Nəşr bölgədə mümkün yeni nizamın Türkiyə üzərindən qurulduğunu iddia edir.

Amerikalı analitiklərə görə, hazırkı regional və qlobal dinamika Vaşinqtonun dominant rol oynamasını çətinləşdirib:

“ABŞ-nin uzunmüddətli perspektivdə Yaxın Şərqə böyük diplomatik və təhlükəsizlik resursları ayıracağına dair mərcə girmək ağılsızlıq olardı. Regional güclər, xüsusən də Misir və İordaniya, habelə müharibənin əvvəlindən koordinasiya içində olan Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri irəli doğru birgə yol cızmaq üçün təcili hərəkətə keçməlidir”.

Analizdə Ankaranın Qəzzada İsrail-HƏMAS münaqişəsinə son qoymaq və bölgədə təhlükəsizliyi təmin etmək üçün göstərdiyi səylərə diqqət çəkilir:

“Türkiyə bölgə dövlətlərinin Fələstinin təhlükəsizliyi və idarəçiliyini qoruyub-saxladığı və dəstəklədiyi, ABŞ və Avropanın isə İsrailə təhlükəsizlik zəmanəti verdiyi çoxtərəfli qarant sistemi konsepsiyasını gündəmə gətirib”.

Nəşr bütün regionu əhatə edən format ideyasına şübhəylə baxıldığı bir vaxtda Türkiyənin bu təklifinin təhlükəsizlik mexanizmlərinin formalaşmasına təkan verəcəyini bildirir.

Təhlildə Türkiyənin həm İsrail, həm də İranla əlaqələrinin olduğu və mümkün formatda iştirakının bu iki ölkə üçün müsbət amil olacağı vurğulanır.

Bölgədə gərginlik davam etsə də, barışığa nail olmaq və təhlükəsizliyi artırmaq üçün bir anlıq yenidən başlamanın mümkün ola biləcəyi qeyd edilir. Nəşr yazır ki, bu anı Türkiyə kimi regional güclərlə birlikdə ələ keçirmək lazımdır.

“Yaxın Şərq hesablaşma ilə üz-üzədir. Qəzzada qorxunc şəkildə qan tökülməsi səbəbindən böhran və qarşıdurma daha da dərinləşə və ya fərqli bir gələcək qurula bilər”, - nəşr əlavə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər