İranın dini lideri Əli Xameneyi İordaniyada ABŞ bazasına hücumdan sonra münasibətlərin gərginləşməsi fonunda Amerika ilə birbaşa hərbi toqquşmadan çəkinməyi əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) İran mənbələrinə istinadla məlumat yayıb.
ABŞ nəşri yazır ki, İran Ali Milli Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirib. Toplantı iştirakçıları öz planlarını açıqladıqdan sonra Xameneyi açıq formada göstəriş verib ki, ABŞ ilə birbaşa toqquşmadan çəkinmək və İranı amerikalıları hədəfə alan qruplaşmalardan uzaqlaşdırmaq lazımdır.
Eyni zamanda, NYT iddia edir ki, İran ABŞ-nin mümkün zərbələrinə hazırlıq görür. Mənbələrin məlumatına görə, İran komandanlığı bütün silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, zenit-raket müdafiə sistemlərini işə salıb və İraqla sərhəddə ballistik raketlər yerləşdirib.