2 Fevral 11:34
2 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çinin Afrika və Latın Amerikası ölkələri uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyub. Çin xarici işlər naziri Van Yinin Afrika və Latın Amerikası turu zamanı Pekinin bu iki bölgə ilə əməkdaşlığını genişləndirəcəyini bildirib. Çin Afrika və Latın Amerikası ölkələrindən xammal idxalını artırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edir ki, Çin Afrikadan sonra Latın Amerikasında da siyasi təsir imkanlarını artırmağa başlayıb:

“Van Yi 10 günlük səfər proqramına Misirdən başlamışdı. Bundan sonra Van Yi Tunis, Toqo, Fildişi Sahilləri, Braziliya, Peru və Yamaykada olub. Çinin bu ölkələrin hər birində iqtisadi layihələri var. Məsələn, Çin Peruda böyük dəniz limanı inşa edir.

Çin bu siyasəti ilə Afrika və Latın Amerikasında ABŞ-nin mövqelərini zəiflətməyə çalışır. Vaşinqton narahatdır. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi bütün qitətləri əhatə etməyə başlayıb. Bunun nəticəsində Çinlə əməkdaşlıq edən dövlətlər Tayvan məsələsində Pekinin mövqeyini dəstəkləyirlər. Yəni Çin müxtəlif dövlətlərə yatırımlarıyla həmin dövlətləri öz maraqlarını nəzərə almağa sövq edir. Dünyada 12 dövlətin Tayvanla diplomatik münasibətləri var. Pekin bu sayı azaltmağa çalışır.

Jair Bolsonaru prezident olanda Braziliyanın Çinlə münasibətləri bir qədər soyumuşdu. Solçu Luis de Silva yenidən Braziliya prezidenti seçiləndən sonra bu ölkə Çinlə yaxınlaşmağa başlayıb. Çin və Braziliya BRİKS-in gücləndirlməsi fikrində yekdildir.

Çin Vaşinqtonun “Monro doktrinası” ilə hesablaşmır. Bu doktrinaya görə, Rusiya və Çin kimi dövlətlər Şimali və Cənubi Amerikada siyasi-iqtisadi fəallıq göstərməməlidir. Vaşinqton Moskva və Pekini bu bölgədən uzaq saxlamalıdır. Çinin COSCO gəmi daşıma şirkəti Cənubi Amerikada mövqelərini gücləndirib”.

Təhlildə qeyd olunur ki, ABŞ mövcud durumu dəyişmək üçün fəallığını artırmasa, Cənubi və Mərkəzi Amerika ölkələri Çinlə əməkdaşlıqlarını daha üst səviyyəyə qaldıracaqlar:

“Bu, bölgədə ABŞ ilə Çin arasında qarşıdurmanı gücləndirəcək. Vaşinqton Çini Cənubi Amerikadan sıxışdırmaq üçün müxtəlif üsullardan istifadə edəcək. Vaşinqton bu ölkələrdə sağçı partiyaların qələbəsini təmin etməyə çalışacaq. Sağçı və mühafizəkar partiyalar adətən kommunist Çinlə əməkdaşlığın əleyhinədir. Məsələn, Argentinanın yeni prezidenti Xavyer Miley ölkəsinin BRİKS-ə üzv olmayacağını açıqlayıb. Halbuki sələfinin mövqeyi fərqli idi. Argentina ağır iqtisadi vəziyyətdə olsa da, bu ölkənin prezidenti Çinlə yaxınlaşmadan ehtiyat edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər