3 Fevral 13:35
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ birbaşa İranı hədəfə almayacaq, proses Tehranın bölgədəki proksi qüvvələrinə qarşı əməliyyatlarla davam edəcək. Yəni ABŞ İranın dəstəklədiyi qüvvələri vuracaq, İran da ABŞ bazalarına hücum edəcək. Bir sözlə, heç nə dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Akif Küçükal deyib.

Ekspert hesab edir ki, Vaşinqton Yaxın Şərqdə imicini itirib:

“Qəzzada baş verənlərlə yanaşı, İordaniyadakı son gəlişmə və husilərin Qırmızı dənizdə davam edən hücumlarında da bunu görürük. Nə planlaşdırmış və proqnozlaşdırmışdılarsa, oktyabrın 7-dən sonra inamları və dominant rollarını itirməyə başladılar. ABŞ-nin Yaxın Şərq siyasəti iflasa uğramış kimi görünür.

İndi də İordaniyadakı hücum fonunda İranın bölgədə atdığı bəzi addımların ABŞ-nin xeyrinə olmasından danışaq. Vaşinqtonun buna necə cavab verəcəyinə gəlincə, əslində seçim çox deyil. Ağ Evin məntiqi belədir: “İran zərər görsün, amma qisasımız müharibəyə yol açacaq qədər şiddətli olmamalıdır”.

Ona görə də çətin ki, birbaşa İran hədəfə alınsın. Respublikaçılar tərəfdən Bayden hökumətinə bu cür təkidlər olsa da, ABŞ prezidenti və administrasiyası ehtiyatlı mövqe tutur. Şübhəsiz ki, Amerikanı ən çox narahat edən şey puldur.

Dünya təbii qazı və neftinin beşdə birinin keçdiyi Hörmüz boğazı da İranın əlindədir. Enerji bazarında yeni zəlzələ istəmirlər. Bəs Amerikanın başqa kozırı yoxdur? Əlbəttə var. Məsələn, İranın İraq və Suriya arasındakı təchizat xətləri kəsilə bilər. Bu, İranın Suriyadakı qruplaşmaları, hətta “Hizbullah”ın həyati xətlərinin kəsilməsi demək olardı”.

Küçükal hesab edir ki, belə bir addım regionda oyun qaydalarını da dəyişə bilər.

Türkiyəli analitik ABŞ və İran arasındakı gizli işbirliyinə diqqət çəkib:

“ABŞ Suriya və İraqda İran qüvvələrini zəiflətməklə cavab verəcəkmi? Ümumiyyətlə, nə vaxtsa İranın regionda zəif olmasını istəyirlərmi? Bu nöqtədə ABŞ-İran tərəfdaşlığından danışmaq cəsarətli görünə bilər”.

Küçükalın iddiasına görə, İran Suriya və İraqdan çəkilməsi gündəmə gələn ABŞ-nin bir müddət də bölgədə qalmasında maraqlıdır:

“İraq və Suriyadan çəkilmə ilə bağlı müzakirələrin şahidi olduq. ABŞ qüvvələrinin bölgədən çıxarılması seçki dövrünün məsələlərindən biri olsa da, artıq bu yöndə fikirlər səsləndirilib. Bundan sonra İordaniyadakı ABŞ bazası hədəfə alındı. Mümkündür ki, İran ABŞ-nin Yaxın Şərqdəki mövcudluğunu bir müddət də uzatmaq istəyir. ABŞ İrana birbaşa hücum etmirsə, İran da ABŞ-yə birbaşa hücum etmirsə, bu, hər iki dövlətin bir-birinin mövcudluğundan narahat olmaması ola bilərmi?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər