ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Yaxın Şərqdəki böhranla bağlı son açıqlaması yeni müzakirə yaradıb.
Teleqraf.com xəbər verir ki, ölkənin kəşfiyyat şefi bölgədə vəziyyətin partlayış həddində olduğunu iddia edir.
“Son 40 ildə Yaxın Şərqi bu qədər mürəkkəb və partlamağa hazır görməmişdim”, - Börns deyib.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bundan sonra ABŞ-yə cavab verərək, istənilən hücuma qəti və dərhal cavab veriləcəyini bildirib.
Türkiyəli analitik Hasan Köni Yaxın Şərqdən başlayacaq və qlobal müharibəyə çevriləcək münaqişənin qapıda olduğunu söyləyib:
“Börnsün sözləri əslində psixoloji əsas yaratmaq üçün irəli sürülüb. ABŞ İranla bağlı yeni konflikt planlaşdırarkən, artıq bunun üçün zəmin yaradır”.
Analitik hesab edir ki, ABŞ-nin müttəfiqləri də İrana müdaxilənin tərəfdardır.
“İran mümkün müharibədə Çin və Rusiyadan dəstək alacaq. Bəzi gəlişmələr aprel və ondan sonra ola bilər. Türkiyə nə olur-olsun İranla müharibəyə girməyəcək, amma Yaxın Şərqdə proksi savaşları olacaq”, - Hasan Köni deyib.