İran hakimiyyəti ABŞ-nin sanksiyalarından yan keçmək üçün Britaniyanın “Lloyds” və “Santander UK” banklarında ofşor şirkətlərinin gizli hesablarını açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Financial Times” (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, “Lloyds” və İspaniyanın “Santander” bankının Britaniya filialı krallıqda qeydiyyatdan keçmiş şirkətlərə hesablar verib, əslində bunlar İranın dövlət Petrokimya Kommersiya Şirkətinə (PCC) məxsus olub. Bundan əvvəl ABŞ PCC-ni İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadası üçün 1 milyon dollar toplamaqda ittiham edib.
PCC və onun Britaniyadakı törəmə şirkəti PCC UK 2018-ci ildən ABŞ-nin sanksiyaları altındadır. FT-yə görə, PCC UK bu müddət ərzində krallıq və digər ölkələr, o cümlədən Çin və Türkiyədə ofşor təşkilatların mürəkkəb şəbəkəsindən istifadə edərək, Londonun mərkəzindəki ofisində fəaliyyətini davam etdirib. Həmin şirkətlərdən biri “Pisco UK” Surreydə qeydiyyatdan keçib və “Santander UK”da biznes hesabı var.
FT xatırladır ki, 2019-cu ildə ABŞ Xarici Aktivlərə Nəzarət Departamenti İrana qarşı sanksiyaları pozduqları üçün “Standard Chartered” və “UniCredit” banklarına 1 milyard dollardan çox cərimə kəsib.