8 Fevral 23:57
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsinin Avropa-Amerika iqtisadi münasibətlərinə necə təsir edəcəyi ilə bağlı ssenariləri araşdırır. Brüssel Trampın transatlantik ticarət müharibəsi aça biləcəyindən qorxur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

Agentliyə danışan AB rəsmisinin sözlərinə görə, üzv dövlətlər (27) arasında Trampın Ağ Evə qayıdışının Avropaya qarşı iqtisadi məcburi tədbirlərə səbəb olacağına inam var.

AB-nin nəzərdən keçirdiyi mümkün ssenarilərdən biri ABŞ-də Avropadan bütün idxala 10 faizlik rüsumun tətbiq edilməsidir. Brüssel həmçinin Trampın Amerikanın texnologiya nəhəngləri tərəfindən təqdim olunan rəqəmsal xidmətlərə görə Avropanın vergiləri ilə bağlı əks tədbirlərə əl atacağından qorxur.

“Blumberq” qeyd edir ki, AB və ABŞ Trampın ilk prezidentlik dövründə yaratdığı problemləri hələ də tam həll edə bilməyib. Tramp ABŞ-nin milli təhlükəsizlik narahatlığını əsas gətirərək Avropanın polad və alüminiumuna əlavə rüsumlar tətbiq etmişdi. AB də buna əks tədbirlərlə cavab vermişdi. Yalnız 2021-ci ildə Co Bayden prezident seçiləndə problem tam həll olunmasa da, “müvəqqəti barışıq” əldə etmək mümkün oldu.


Müəllif: Mənsur Rəğbətoğlu