Rusiyaya qarşı müharibədə Ukrayna üçün ABŞ-nin dəstəyi çox vacibdir. Bununla belə, Amerikadan silah tədarükünə icazə verən qanun layihəsi Senatda səsvermə zamanı respublikaçıların artan müqaviməti fonunda uğursuzluğa düçar oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) yazır.
Amerikalı analitik Maykl Kofmanın fikrincə, Ukrayna ABŞ-nin əlavə hərbi yardımı olmadan ilin ilk yarısınadək dözə bilər. Amma zaman keçdikcə ordunun yenidən qurulması perspektivi olmayacaq və ölkə yavaş-yavaş uduzmağa başlayacaq.
Onun sözlərinə görə, Amerikanın əlavə yardımının olmaması, ilin ikinci yarısında gəlişmələri sərt və mənfi trayektoriyaya yönəldəcək.
Amerikalı analitiklər deyirlər ki, Ukrayna ordusu birdən-birə məğlub olmayacaq, amma qüvvələrinin deqradasiyası qaçılmaz olacaq. Avropa ölkələrinin Amerika səviyyəsində silah-sursat ehtiyatları yoxdur, boşluğu doldurmaları çətindir.
Məqalədə qeyd edilir ki, müharibənin ilk günlərindən Ukrayna belə qeyri-müəyyən an yaşamayıb. Rusiya isə İran və Şimali Koreyadan göndərilən silahlarla ordusunu gücləndirir.
Ukrayna hərbçiləri artıq şərq cəbhəsi, xüsusən də mühasirə təhlükəsi ilə üz-üzə olan Avdiv şəhərində Rusiyanın hava və artilleriya zərbələrinin beşdə birinə cavab verdiklərini söyləyirlər.
Nəşrin fikrincə, Ukrayna hazırda yenidən uyğunlaşma və improvizasiya yolları axtarır, yerli silah istehsalını genişləndirir və daha çox dronlara arxalanır. Amerikanın köməyinə böyük ehtiyac var. Rusiyanın silah-sursat canlı qüvvə baxımından üstünlüyü Ukraynanı cəbhənin əksər hissəsində geri qalmağa məcbur edir.
NYT yazır ki, Rusiya PUA istehsalını artırdığı, hərbi sənayesindəki zəiflikləri aradan qaldırdığı, İran və Şimali Koreyadan təchizatla özünü gücləndirdiyi üçün Qərbin Kiyevə dəstəyi Moskvanın hərbi ehtiyatlarının artması ilə ayaqlaşa bilmədi.
Rəsmilərin dediklərinə görə, kütləvi raket hücumlarının qarşısını almağa qadir olan hava hücumundan müdafiə sistemləri tükənir. Həmçinin Amerikanın yardımının azalması iqtisadiyyata mənfi təsir göstərəcək, büdcənin azalması və inflyasiyanın artmasına səbəb olacaq.