Seçkilərə hazırlaşan ABŞ-nin sabiq prezidenti Donald Trampın reytinqi yüksəkdir. Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Tramp olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri hesab edirlər ki, bu baş verərsə, ABŞ tarixində ilklərlə yadda qalacaq:
“Birincisi, ABŞ-də prezidentlər adətən konqresmenlər və ştatların qubernatorlarından seçilir. İş adamı olan Tramp nə konqresmen, nə də qubernator olub. Buna baxmayaraq, o, populyarlığı hesabına 2017-2021-ci illərdə ölkəsinin prezidenti seçildi. Tramp yenə prezident seçilsə, bu, ABŞ tarixində başqa ilk olacaq. ABŞ-də prezident seçkisində məğlub olan şəxs adətən sonradan prezidentliyə namizəd olmur. Tramp isə ötən seçkidə məğlubiyyətinə rəğmən, yenidən Ağ Evə qayıtmaq istəyir və onun yüksək reytinqi buna şərait yaradır.
Tramp yenə eyni vədlər verir: “mühacirləri ölkələrinə göndərəcəm”, “sərhədləri gəlmələr üçün qapadacam”, “Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırıb müharibəyə son qoyacam” və sair. “The Washington Post” yazır ki, Tramp seçilsə, Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Nəşr onun Çinə qarşı yeni planının olduğunu iddia edir. Bu, qlobal ticarət müharibəsinə səbəb ola bilər. Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa, Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq.
Tramp prezident olduğu illərdə Çinə qarşı sərt iqtisadi siyasət həyata keçirib. ABŞ-nin hazırkı Prezidenti Co Bayden Trampın Çinlə bağlı qərarlarını dəyişməyib. Məsələn, Bayden Trampın 2018-ci ildə Çin məhsullarına tətbiq etdiyi rüsumları ləğv etməyib. Tramp Çin yarımkeçiricilərinin idxalını da məhdudlaşdırmışdı. Bayden Trampın bu qərarını da qüvvədə saxlayıb”.
Məqalədə vurğulanır ki, Tramp seçkiqabağı çıxışlarında Çinə olan münasibətini gizlətmir:
“Bəs Tramp prezident seçilsə, vədlərini yerinə yetirəcəkmi? O, anlamda digərlərindən fərqlənir. Ötən seçkilərdən dərhal sonra vədlərini yerinə yetirməyə başlamışdı. Ona görə də Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil, seçiləcəyi halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar. Çin ABŞ-nin xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sıradadır. Tramp seçiləcəyi halda Çin ABŞ-nin bu yerini başqasına təhvil verəcək”.