Şimali Koreya lideri Kim Çen In qızı Kim Ju-eyə varis kimi baxıla bilər, çünki dövlət başçısının bacısı, Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yo-çenin rolu getdikcə azalır.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Kim Yon-ho deyib.
“Kim Ju-enin varis olması ehtimalını istisna etmək olmaz”, - nazir bildirib.
Kim Yon-ho 2023-cü il sentyabrın 8-də Şimali Koreyanın yaradılmasının 75-ci ildönümü münasibətilə Pxenyanda keçirilən paraddakı epizodu xatırladıb. Dövlət mediasının yayımladığı fotolardan birində Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komitəsi sədrinin müavini Park Çun-çonun liderin qızı ilə diz çökərək söhbət etdiyi görünür. Nazirin fikrincə, bu səhnə onu varis kimi göstərmək üçün planlaşdırıla bilərdi. Belə bir mənzərəni Kim Çen Inın gənclik fotolarından birində görmək olar, o zaman yüksək hərbi vəzifələrdə çalışan O Cin-vu gələcək liderlə belə söhbət etmişdi.
“Kim Ju-enin varis olacağı ehtimalını gözardı etməməliyik, Kim Yo-çenin rolu getdikcə zəifləyir”, - Kim Yon-ho deyib.
Cənubi Koreya mətbuatının məlumatına görə, Kim Ju-e təxminən 10 yaşındadır. İlk dəfə 2022-ci ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət arasında görünüb. Bundan sonra dəfələrlə Kim Çen Inla ictimai tədbirlərə qatılıb.