General Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən azad edilməsi müharibənin yeni və həlledici mərhələsidir. Ukrayna Prezidenti Vladimir Zelenski bu addımı ilə səhv etmək riski daşıyır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” yazır.
Nəşr qeyd edir ki, Zalujnının general Aleksandr Sırski ilə əvəzlənməsi taleyüklü məsələyə bənzəyir. Bu qərarı qismən Zalujnının savaşın ilk günlərində Rusiyanın hücumlarının dəf edilməsində həlledici rolu, eləcə də hərbçilər və mülki əhali arasındakı nüfuzu ilə izah etmək olar.
“Aktyor siyasətçi ilə döyüşdə sərtləşmiş komandir arasındakı fərqlər qismən mədəniyyət və şəxsiyyətlə bağlıdır. 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra bu fərqlər önəmsiz oldu, əslində, hətta üstünlüyə çevrildi”, - nəşr bildirir.
“The Economist” vurğulayır ki, Zelenski mərkəzləşdirilmiş nəzarəti həyata keçirmək əvəzinə, “Rusiyaya təslim olmayan əsas vətənpərvər” rolunu oynayır. Əslində, uzun illər Rusiya ilə müharibədə olan Zalujnı diqqətini döyüş əməliyyatlarına yönəltmişdi.
Məqalədə qeyd olunur ki, Zalujnı ilə Zelenski arasında münasibətlər pisləşdikcə, döyüş meydanında nə ediləcəyi ilə bağlı fikir ayrılıqları yaranıb. Zelenski və komandası keçən yay uğursuz əks-hücuma görə Zalujnının məsuliyyət daşığını düşünür. Hakim siyasi komanda bundan sonra ordunun yeni hücuma hazırlaşmasını istəyib və yeni döyüş planı tələb edib. Amma Zalujnı Zelenskinin tələbi ilə razılaşmayıb. General hesab edirdi ki, ilk hücumun uğursuzluğundan sonra ehtiyatlılığı canlı qüvvə və silah-sursatın xilas edilməsinə səbəb olub. General sərəncamında hansı resursların olduğunu bilməyənə qədər növbəti əks-hücum planlaşdıra bilməyəcəyini deyib. Üstəlik, Zalujnı səfərbərliklə bağlı müqavimət göstərib. General bildirib ki, cəmiyyəti səfərbər etmək siyasətçilərin borcudur.
“Müharibədə siyasətçilər və hərbçilərin bir-birləri haqda aşağı fikirdə olmaları qeyri-adi deyil. Bununla belə, Zelenski ilə Zalujnı arasındakı münasibətləri pozan prezidentin müharibənin Ukraynanın necə bir ölkəyə çevriləcəyini müəyyən etməsi ilə bağlı fikrini dəyişməsi idi”, - nəşr yazır.
“The Economist” xatırladır ki, müharibədən cəmi bir neçə həftə sonra Kiyevdə ilk dəfə Zelenskidən müsahibə alıb. Prezident müsahibədə ölkəsinin Avropa demokratiyası uğrunda mübarizə aparmasından həvəslə danışıb. Amma son vaxtlar Zelenski bəyanatlar verir ki, məqsədi Ukraynanın bütün işğal olunmuş ərazilərini qaytarmaqdır.
Nəşr yazır ki, bu hərbi məqsədə çata bilməyəcəyi aydınlaşdıqca, Zelenskinin generalına qarşı səbirsizliyi daha da artıb. O və komandası Zalujnının nüfuzunu təhlükəli hesab edirdi. Zelenskinin hakimiyyətini mərkəzləşdirməyə çalışmasının səbəblərindən biri də budur.
“Zalujnının azad edilməsinin siyasi nəticələri olacaq. Generalı tanıyanlar ona siyasətçi kimi baxmırlar, amma Ukrayna kimi ölkədə bu və ya digər oliqarxlar onu öz ambisiyalarını həyata keçirmək vasitəsi kimi qəbul edəcəklər. Zelenski narazılığı yatırmaq üçün çox çalışmalıdır, çünki bununla xilas etməyə çalışdığı siyasi mədəniyyətə xələl gətirə bilər. Ən vacib sual Zelenskinin bunun öhdəsindən gəlib-gələ bilməyəcəyidir. General Zalujnının işdən çıxarılmasının üstünlüyü müharibəyə baxışın dəyişməsi ola bilər”, - məqalədə qeyd edilir.