Qəzzada İsrail və HƏMAS arasında baş verən savaş regional yox, bütün dünyaya təsir edəcək müharibədir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bu, Qəzzada üçüncü böyük müharibədir, savaş Fələstin ərazisində fasiləsiz olaraq davam edir. 100 gündə 30 minə yaxın günahsız insan heç bir ayrı-seçkilik edilmədən qəsdən qətlə yetirilib. Bundan daha pisi odur ki, xüsusən də Qərb dövlətləri ya susdular, ya da bu qətliamı dəstəklədilər. Bu susqunluq, bu qırğın və soyqırımında iştirak etmək dünyada nizamı kökündən sarsıdan bir gəlişmədir. Ən böyük diqqəti bu məqama yönəldirik.
Bu, regional yox, bütün dünyaya təsir edəcək müharibədir. Məsələ iki dövlət prinsipi ilə həll edilməsə, belə münaqişələrin baş verəcəyini və geniş vüsət alacağını proqnozlaşdırmaq çətin deyil. Qırğını dayandırmaq və daha sabit dünya sülhü üçün ikidövlətli həll prosesini həyata keçirmək üçün çalışırıq. Diplomatiyanın bütün vasitələrindən istifadə edərək bu müharibəni dərhal dayandırmaq həm İsrail, həm Fələstin, həm də bölgə xalqlarının xeyrinə olardı”, - nazir bildirib.