Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar fənlər fakültəsinin nəzdində Azərbaycan dili, sivilizasiyasi və mədəniyyəti kursu açılıb.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, açılış mərasimində Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin əməkdaşları, Mərakeş Xarici İşlər Nazirliyi və Mərakeş-Azərbaycan dostluq dərnəyinin təmsilçiləri, universitetin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Təranə Əkbərova çıxış edərək bildirib ki, ərəb ölkələrində belə kurs ilk dəfədir açılır. O, bu kursun təşkilinin Azərbaycan mədəniyyətinin xaricdə təbliği işinə töhfə verəcəyini vurğulayıb. İlk mərhələdə kurslarda magistratura və doktorantura pillələrində təhsil alan tələbələr iştirak edəcəklər.