14 Fevral 10:54
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya Prezidenti Vladimir Putinin münaqişəni dondurmaqla Ukraynada atəşkəs təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” tərəflər arasındakı müzakirələrlə tanış olan Rusiya rəsmilərinə istinadla məlumat yayıb.

Agentlik yazır ki, danışıqların uğursuzluğu dünyanın iki ən böyük nüvə dövlətinin bir-birindən nə qədər uzaq olduğunu göstərir.

Eyni zamanda, Amerikanın rəsmi mənbələri hansısa qeyri-rəsmi təmaslar barədə məlumatı təkzib edib və Vaşinqtonun Kiyevin iştirakı olmadan danışıqlar aparmayacağını bildiriblər.

Rusiya mənbələri deyirlər ki, Putin ötən il Vaşinqtona xüsusi vasitəçilər, o cümlədən Moskvanın Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə Ukraynada atəşkəs barədə düşünməyə hazır olduğunu çatdırıb. Putin münaqişəni hazırkı xətt üzrə dondurmağı təklif edib. O, Ukraynanın işğal edilmiş ərazilərinin heç birini geri vermək istəmir.

“Amerikalılarla təmaslar heç bir nəticə verməyib”, - Rusiya rəsmisi agentliyə deyib.

Müzakirələrdən xəbəri olan başqa bir Rusiya rəmisi söyləyib ki, amerikalılar vasitəçilərlə Moskvaya Ukraynanın iştirakı olmadan mümkün atəşkəs məsələsini müzakirə etməyəcəklərini bildiriblər. Bu səbəbdən də danışıqlar uğursuzluqla başa çatıb.

“Röyter” yazır ki, uğursuz danışıqlar barədə əvvəllər məlumat verilməyib.

Kreml, Ağ Ev, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iddiaya şərh verməkdən imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər