Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edir. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa da cəhd göstərir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır:
“Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikalarını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikalarının keyfiyyətində ciddi problemlər var. Bu, müxtəlif araşdırmalarda da təsdiqlənib.
Stokholm Sülh Araşdırmaları İnstitutuna görə, Rusiya son 20 ildə Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyib. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistan Baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyir. Modi bir müddət əvvəl ABŞ-yə 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi”.
“Atlas” Rusiyanın müxtəlif dövlətlər, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını vurğulayıb:
“2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən, Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alanlar həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayırlar.
Ayrıca, Rusiya Hindistana neft satışında da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ ilə münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki Rusiyanın özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur”.