14 Fevral 11:15
6 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Xalq Partiyasının (PPP) sədri Asif Əli Zərdari, Pakistan Müsəlman Liqası-Nəvazın (PML-N) sədri Şahbaz Şərif, Pakistan Müsəlman Liqası-Qaidi Azəm Qrupunun (PML-Q) lideri Çaudri Şücaət, Birləşmiş Xalq Hərəkatı Partiyasının (MQM-P) lideri Xalid Məqbul Siddiqi və İstehkami-Pakistan Partiyasının (IPP) sədri Alim Xan paytaxt İslamabadda birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Zərdari mətbuat konfransında ölkəni içində olduğu böhrandan xilas etmək üçün koalisiya hökuməti qurmağa qərar verdiklərini açıqlayıb.

Zərdari həmçinin həbsdə olan keçmiş baş nazir İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiyasını barışıq prosesinin bir hissəsi olmağa çağırıb.

Şahbaz Şərif də bildirib ki, tənqid mərhələsi başa çatıb, yeni parlament formalaşacaq. O, parlamentdə üçdə iki səs çoxluğu əldə etdiklərinə diqqət çəkib.

PML-N-nin sözçüsü Məryəm Auranqzeb deyib ki, keçmiş baş nazir Nəvaz Şərif yeni hökumətdə baş nazir postuna qardaşı və xələfi Şahbaz Şərifin namizədliyini irəli sürmək qərarına gəlib.

Həbsdə olan keçmiş baş nazir İmran Xan seçkilərdə ədalət və demokratiyaya böyük ehtiyac olduğunu bildirərək, oğurlanmış səslərlə qurulacaq hər hansı yeni hökumətin vəziyyəti daha da pisləşdirəcəyi xəbərdarlığını edib.

Xan vurğulayıb ki, partiyası heç vaxt xalqın iradəsindən güzəştə getməyəcək.

“Partiyama göstəriş vermişəm ki, xalqın səslərini oğurlayan heç bir siyasi partiya ilə koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparmasın, bura Pakistan Müsəlman Liqası-Nəvaz və Birləşmiş Xalq Hərəkatı Partiyası da daxildir”, - sabiq baş nazir vurğulayıb.

Fevralın 8-də Pakistanda keçirilən seçkilərin nəticələrinə görə, heç bir partiya təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilməyib. Parlamentdə hökumət qurmaq üçün mütləq səs çoxluğu (169 yer) tələb olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər