ABŞ-Türkiyə yaxınlaşması Vaşinqtonun Azərbaycana qarşı təzyiq siyasətini neytrallaşdıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Türkiyə-ABŞ əlaqələrində normallaşma başlayıb. Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi, üstəgəl, Yaxın Şərqdə dəyişən geosiyasi situasiya Vaşinqtonun Ankaraya istədiyi F-16-ları verməyə sövq etdi. ABŞ hələlik Türkiyənin F-35 proqramına qayıtmasına razı deyil. Vaşinqtonun bunun üçün şərti var: Türkiyə Rusiyadan aldığı S-400 sistemlərindən imtina etməlidir. Buna baxmayaraq, ümumilikdə tərəflər arasında müsbət atmosfer var”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-Türkiyə yaxınlaşması İsrail-Fələstin məsələsinin həllinə təkan verəcək:
“Türkiyə xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl münaqişənin həlli ilə bağlı çoxtərəfli qarant təklifini vermişdi. ABŞ bu təklifi qəbul edə bilər. Söhbət müxtəlif ölkələrin İsrail və Fələstinə ayrı-ayrılıqda qarant durmalarından gedir. Yəni ABŞ-nin rəhbərlik etdiyi Qərb İsrailin, Türkiyə liderliyindəki Şərq bloku da Fələstinin qarantı olur.
Qənaətimə görə, ABŞ-Türkiyə normallaşması Vaşinqtonun Azərbaycana qarşı təzyiq siyasətinin neytrallaşdırılması üçün mühüm amil olacaq. Təsadüfi deyil ki, Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə son telefon danışıqları və təkbətək görüşlərində Ermənistan-Azərbaycan məsələsini də müzakirə masasına gətirib. Söhbət həm də Zəngəzur dəhlizindən gedir. ABŞ Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu qəbul edir”.
Politoloqun fikrincə, Vaşinqton və Ankaranın ortaq məxrəcə gəlməsi regionda yeni geosiyasi mərhələnin başlanğıcı olacaq:
“ABŞ çalışır ki, Yaxın Şərqdə İranla gərginliyin artması fonunda Türkiyənin dəstəyini alsın. Əlbəttə, Türkiyə təkcə İrana qarşı yox, ABŞ-nin bölgədəki digər oyunlarına da girməyəcək. Üstəgəl, ABŞ Suriya və İraqda Türkiyənin illərdir mübarizə apardığı PKK/YPG terror təşkilatına dəstək verir. ABŞ hamısı olmasa da, bəzi məsələlərdə Türkiyənin dəstəyini almaq istəyirsə, bu terror təşkilatlarına dəstəyini dayandırmalıdır. Hesab edirəm ki, əlaqələri tam normallaşdırmaq istəyən tərəflər danışıqları bu müstəvidə aparacaqlar.
ABŞ-nin Suriya və İraqda kürd yaraqlılarına dəstəyini dayandıracağını düşünmürəm. Eyni zamanda, əlaqələrin normallaşmağa başladığı bir vaxtda ABŞ və Türkiyənin açıq şəkildə bir-birinin maraqlarına zidd gedəcəyini də düşünmürəm. İndiki həssas məqamda ABŞ Türkiyənin ona yaxın olmasını istəyir, Türkiyənin bunun üçün şərtləri bəllidir”.