ABŞ və bir sıra ərəb tərəfdaşları Fələstin dövlətinin yaradılması üçün vaxt cədvəlini ehtiva edən əhatəli sülh müqaviləsi planı hazırlayırlar.
Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” planın yaxın bir neçə həftə ərzində elan ediləcəyini yazır.
Nəşr amerikalı və ərəb rəsmilərinə istinadla bildirir ki, plan və onun elanının açarı İsrail və HƏMAS arasında ilkin atəşkəsin əldə edilməsi olacaq. Ən azı altı həftə sürəcəyi proqnozlaşdırılan bu fasilə zamanı ABŞ planı ictimaiyyətə açıqlamağı, Fələstində keçid hökumətin formalaşdırılması da daxil olmaqla bunun reallaşması istiqamətində ilkin addımları atmağı və bu addımlara əlavə dəstək təmin etməyi nəzərdə tutur.
Məqalədə qeyd edilir ki, İsrailin bununla razılaşıb-razılaşmayacağı bəlli deyil.
Təklif olunan plandan İsrailin əvvəllər imtina etdiyi və indiki hökumət tərəfindən də təsdiqlənməsi ehtimalı az olan addımlar, o cümlədən İordan çayının qərb sahilindəki bir sıra yaşayış məntəqələri, eləcə də Fələstinin paytaxtı kimi nəzərdə tutulan Şərqi Qüdsün boşaldılması, İordan çayının qərb sahili və Qəzza üçün birgə təhlükəsizlik öhdəlikləri daxildir.
Nəşr onu da ehtimal edir ki, Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri ilə əlaqələrini normallaşdırmaq istəyən İsrail müəyyən şərtlər daxilində planla razılaşa bilər.