İranda son bir həftədə qaz kəmərlərində baş verən iki partlayışın arxasında İsrailin olduğu iddia edilir.
Teleqraf.com xəbər verir ki, “Nyu-York Tayms” Qərb rəsmiləri və İran İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadla hücumun Təl-Əviv və Tehran arasında davam edən kölgə müharibəsində diqqətçəkən dəyişikliyə işarə etdiyini yazır.
İran Dövlət Qaz Şirkəti olayı “terror aktı” adlandırıb.
ABŞ nəşrinə danışan rəsmilər İranın enerji infrastrukturunun hədəfə alınmasının dolayısı ilə davam edən müharibənin qızışması demək olduğunu və sanki bununla yeni cəbhənin açdığını deyiblər. Rəsmilər eyni anda iki xəttin hücuma məruz qaldığına diqqət çəkərək, İsrailin İranın infrastrukturunu dərindən bildiyini və belə hücumun diqqətli koordinasiya tələb etdiyini bildiriblər.
Bir Qərb rəsmisi İsrailin xətləri bundan sonra da vura biləcəyi ilə bağlı sərt xəbərdarlıq etdiyini də söyləyib.
“Bu onu göstərir ki, İranda gizli fəaliyyət göstərən şəbəkələr hədəf siyahısını genişləndirərək hərbi və nüvə sferasından kənara çıxırlar. Bu, İranın kəşfiyyat və təhlükəsizlik orqanlarına böyük problem və nüfuzuna zərbə vurur”, - Yaxın Şərq üzrə ekspert Şahin Modarres vurğulayıb.
NYT hücumun İran daxilində ciddi narahatlıq yaratdığını da yazır.