Müxalifət lideri Aleksey Navalnının ölümü sıravi vətəndaşlar arasında narazılıq partlayışına səbəb ola bilmədi.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin keçmiş siyasi texnoloqu Rostislav Murzaqulov deyib.
Bununla belə, onun fikrincə, Rusiyada potensial olaraq kütləvi xalq etirazına səbəb ola biləcək başqa səbəblər var.
Murzaqulovun sözlərinə görə, Navalnının ölümündən sonra ruslar kütləvi şəkildə küçələrə çıxmayıblar, bunun da səbəbi hakimiyyətin xüsusilə onun tərəfdarlarını qorxutmasıdır.
“Bu kəsim adamları – liberalları zərərsizləşdirdilər… Ona görə də indi heç kimi küçələrə çıxara bilmirik, çünki ya “xarici agent statusu” ilə mühacirətdə, ya həbsxanadayıq, ya da öldürülmüşük”, - Murzaqulov vurğulayıb.
Siyasətçi qeyd edib ki, istənilən halda genişmiqyaslı küçə etirazlarına liderlər lazımdır. Belə insanlar isə artıq zərərsizləşdirilib.
Murzaqulov iddia edir ki, hər ehtimala qarşı Navalnının xatirəsinə gül-çiçəklə küçələrə çıxan ruslar qəhrəmandırlar, amma Rusiya başqa səbəblərdən partlayacaq.
“Bəzən məişət zəminində fəlakət, bəzən texnogen, bəzən də daha böyük qəzalar baş verir. Yeri gəlmişkən, Dağıstan və Başqırdıstanda olduğu kimi bir növ etnik toqquşmalar ola bilər. Qorxularını unudub çıxıb nəsə demələrinə imkan verəcək bir qığılcım lazımdır. İnsan çox olsa, bu yekəqarın polislər Priqojindən qaçdıqları kimi qaçacaqlar”, - müxalifətçi söyləyib.
Murzaqulovun fikrincə, Rusiyada bir neçə min çarəsiz insan küçələrə çıxanda partlayış yaranacaq. O hesab edir ki, o zaman cəbhədə döyüşən rus hərbçiləri də onlara qoşula bilər.