26 Fevral 11:06
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində fəaliyyət göstərən və dövlətin sifarişlərini yerinə yetirən haker qrupu son iki ildə Qazaxıstan telekommunikasiya operatorlarının kritik infrastrukturuna tam giriş əldə edib. Fevralda naməlum şəxslər Çin Təhlükəsizlik Nazirliyinin podratçılarından biri olan infromasiya şirkətindən sızan məxfi məlumatları yayımlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, sızdırılan sənədlərdə müxtəlif ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri barədə məlumatlar toplanıb:

“Qazaxıstan Çin məxfi xidmətləri üçün xüsusi maraq kəsb edib. Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi fevralın 20-də sızdırılan məlumatları təhlil etməyə başladıqlarını açıqlayıb. Çin haker qrupunun iki ildir Qazaxıstanın dövlət infrastrukturlarında yerləşərək məlumat toplaması aysberqin görünən hissəsidir. Məlumata görə, açıqlanan skrinşotlardan birində Qazaxıstan Müdafiə Nazirliyinin serveri ilə bağlı məlumatlar da var. Qazaxıstanın dövlət aviaşirkəti “Air Astana” haqda məlumatları özündə əks etdirən fayllar aşkarlanıb.

Çinli hakerlərin marağında başqa dövlətlər də olub. Qırğızıstan, Monqolustan, Pakistan, Malayziya, Nepal, Türkiyə, Hindistan, Misir, Fransa, Kamboca, Ruanda, Nigeriya, Honq-Konq, İndoneziya, Vyetnam, Myanma, Filippin və Əfqanıstanla bağlı da məxfi informasiyalar aşkarlanıb. Sızdırılan fayllarda həmçinin Çindəki etnik azlıqlar və onlayn qumar şirkətlərinin fəaliyyətinin izlənildiyi də üzə çıxıb.

Bundan başqa, həmin sənədlərdə konkret şəxslər barədə məlumatlar da toplanıb. Çinli hakerlər müəyyən şəxslər tərəfindən edilən zəngləri, danışıqları və səyahət yerlərini izləyiblər.

Sızma Çin kəşfiyyatının proqram təminatı, “Windows”, “Mac”, “iOS” və “Android” üçün troyan proqramları, sosial şəbəkə istifadəçilərinin anonimləşdirilməsi sistemləri və Wi-Fi sındırma avadanlığından istifadə üsullarına da işıq salır”.

Mərkəz vurğulayır ki, ələ keçirilən məlumatların həcmi kifayət qədər böyükdür və bəzi hallarda terabaytlarla ölçülür:

“Məlumatların həcmi və xarakteri Qazaxıstanın informasiya təhlükəsizliyi sistemindəki səhvləri aşkara çıxarıb. Qazaxıstana aid məlumat bazasının sızması Çinin aktiv olduğu ölkələrdə bu cür sistemlərin zəifliyindən istifadə etməsinin nümunəsidir. Çin əksər ölkələrin kompüter sistemlərini sındırmaq üçün davamlı səylərlə məşğuldur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər