27 Fevral 12:15
16 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Kazım Abdullayevlə müsahibəni təqdim edir:

- Kazım müəllim, siz iki teatrda çalışmısınız: Sumqayıt Teatrı, Bələdiyyə Teatrı. Hazırda Milli Dram Teatrındasınız. Hansı sizə daha doğmadır?

- Mənə teatr özü doğmadır. Teatrsız yaşaya bilmərəm. Bələdiyyə Teatrından çıxanda iki il işsiz qaldım. Milli Dram Teatrı ilə müqavilə bağladım və demək olar ki, iki il pulsuz işlədim. İki il ərzində artıq 4-5 tamaşada oynadığım üçün məni ştata götürdülər.

- Siz daha çox Sumqayıt Teatrının aktyoru kimi yaddaşlara yazılmısınız. Yəqin ki, bu teatra gəlişinizin bir hekayəti var.

- Necə gəldiyimi danışım, sonrasına siz qərar verin. İnstitutda kino aktyorluğu kursunda oxuyurdum. Kurs rəhbərimiz Adil İsgəndərov o vaxt kinostudiyanın direktoru idi.

Adil müəllim dedi ki, təyinatlarınızı ancaq kinostudiyaya alın. Elə oldu ki, diplom tamaşası oynadığımız gün Adil müəllimi pensiyaya göndərdilər. Təzə gələn müdir dedi ki, mən instituta heç bir ərizə yazmamışam, oradan aktyor istəməmişəm.

Beləliklə, bizi işə götürmədilər, qaldıq göydə. Sonra məni işlə təmin etmələri üçün nazirliyə getdim. O vaxt nazirlik baxırdı elə işlərə. Mənə dedilər ki, bəlkə sizi Lənkəran teatrına göndərək? Dedim, yaxşı, fikirləşərəm.

Oradan çıxanda rejissor Vaqif Şərifovla rastlaşdım. Dedi, mən Sumqayıt Teatrına baş rejissor gedirəm, sən də gəl, orada işləyərsən. Razılaşdım. Bakı və Sumqayıt yaxındır, mən isə çox uzağa getmək istəmirdim.

Amma Sumqayıta yox, hərbi xidmətə getməli oldum: evə gələndə əsgərliyə çağırış vərəqinin gəldiyini gördüm.

Bir ildən sonra hərbi xidmətdən qayıtdım. Yanvar ayında Sumqayıt Teatrına getdim. Vaqif məni görəndə dedi ki, hardasan, bir ildir səni gözləyirik. Ərizəmi yazdım, mayın 6-dan əmrim verildi. 20 il burada işlədim.

- Və 20 ilin hər günü Bakı-Sumqayıt, Sumqayıt-Bakı yollarında keçdi.

- Elə olurdu ki, səhər Sumqayıta məşqlərə gedirdim, sonra Bakıya qayıdıb kinostudiyada dublyajımı edib yenidən Sumqayıta, tamaşada oynamağa yola düşürdüm. Tamaşadan sonra da avtobusa minib yorğun-arğın evə yatmağa yollanırdım. Elə bil ki, evə yatmağa gəlirdim.

Mənim bütün həyatım teatrda keçib. Heç uşaqların necə böyüdüyünü də görmədim. Bir də gördüm artıq böyuyüblər, məktəbi bitiriblər, instituta daxil olublar. Həyatımızı teatra bağışlamışıq.

- Teatr da sizə bir-birindən müxtəlif obrazlar bağışladı. “Ərtoğrul”, “Oqtay Eloğlu”, “Şah Təmraz”, “Dəli Dondar”... Bəs bu rollardan ilki hansı idi?

- İlk tamaşam Səməd Vurğunun “Komsomol poeması”, ilk rolum da “Şahsuvar” idi.

Məktəbdə dram dərnəyinə gedəndə də birinci rolum “Şahsuvar” olmuşdu. Görünür, bu rol mənə düşərli oldu ki, artıq 50 ildir səhnədəyəm.

- İyirmi ildən sonra Bələdiyyə Teatrına getdiniz və bir neçə ildən sonra buranın səhnəsi sizi sıxmağa başladı. Yəqin daha böyük səhnələrə çıxmaq istəyirdiniz.

- Əvvəla, Bələdiyyə Teatrının binası, şəraiti yox idi. Sumqayıt Teatrı da eləcə. Yaş həddi də var. İnsan nə qədər cavandır, dözür. Yaşlananda artıq rahatlıq istəyir.

Ona görə Amaliya Pənahovaya dedim ki, icazə ver, gedim. İki dəfə ərizə yazdım, cırıb atdı.

- Deyilənə görə, teatrdan getdiyinizə görə ömrünün sonuna kimi sizi bağışlamayıb.

- Hə, bağışlamadı. O, aktyorlarını çox sevirdi. Onları başqa teatrlara qısqanırdı. Hətta o vaxt mən Rusiyanın serialına dəvət almışdım, qəsdən həmin vaxta tamaşa salmışdı ki, çəkilişə getməyim.

- Sizin daha çox populyar olmağınızı istəmirdi?

- Qorxurdu ki, bir az populyar olarıq və başqa teatrlara qaçarıq. Mən dedim ki, axı uşaq deyiləm, 52 yaşım vardı.

Amaliya xanımı bir aktyor, bir rəhbər, bir insan kimi çox istəyirdim. Amma getməliydim. İki ərizəmi cırıb atdıqdan sonra üçüncünü yazıb stolunun üstünə qoydum və çıxdım.

Əlabbas Bağırov iki ildən sonra məni işə götürdü. Artıq 20 ildir “Azdrama”dayam.

- Fəxri adları da burada aldınız?

-Yox, “Əməkdar artist” adını Bələdiyyə Teatrında işləyən zaman almışdım. Amaliya xanıma bunun üçün çox minnətdaram. O vaxt “Əməkdar artist” adını almasaydım, indi Xalq artisti deyildim.

“Rəhmətə gedənlərin rollarını mən oynamışam”

- Siz “Əmir Teymur” tamaşasında şair “Kirmani”ni canlandırmısınız. Televiziya tamaşasında şair Kirmanini Mikayıl Mirzə oynayıb. Bu rolda Mikayıl Mirzə ilə sizin aranızda nə kimi oxşarlıq və fərq vardı?

- Oxşarlıq ola bilməz, çünki Mikayıl Mirzə temperamentli, çılğın aktyor idi. Mən isə bu rolu düşüncəli bir adam, filosof kimi götürmüşdüm.

- Demək, hər aktyor öz təbiətinə uyğunlaşdırıb bu rolu... Maraqlı rollarınızdan biri də “Xanuma”da “Makar” obrazıdır. Tərəf müqabilləriniz ayrı-ayrı vaxtlarda Ramiz Novruz, Cəfər Namiq Kamal və Elşən Rüstəmov olub. Hansıyla işləmək daha maraqlı idi?

- Onların hərəsinin öz temperamenti, rollara öz baxışı var. Hər biri ilə maraqlı idi. Onlardan soruşmaq lazımdır, mənimlə oynamaq necə idi (gülür).

Mən “Azdrama”ya gələndən 50 rol oynamışam. Heç 50 il işləyənlər 50 rol oynamır. Mən elə vaxtda gəldim ki, rollar çox idi. Mənim fakturamda bir aktyor burada yox idi. Ona görə rəhmətə gedən aktyorların rolunu mənə verirdilər. Allah rəhmət eləsin, Əlabbas Qədirova da, Kamal Xudaverdiyevə də, onların rollarını da mən oynamışam.

Kamal müəllim xəstəliyə düçar olanda səsi tutulmuşdu, səhnəyə çıxa bilmirdi. Onun rolunu mənə verdilər. Getdim özündən icazə istədim. Dedi, götür. Xeyir-duasını aldım, ondan sonra çıxdım səhnəyə.

Sonra “Natəvan” tamaşasında Ağasadıq Gəraybəylinin rolunu oynamışam - “Qoca Knyaz”ı. Ondan sonra özümün də çox rollarım olub. Elə olub, həftədə 8 tamaşa oynamışam.

- Mənəvi və fiziki gücünüz buna yetirdi?

- Yetirdi, ona görə də sonra ürək dözmədi, əməliyyata getdim. Mənim əvvəl ayaqlarım ağrımağa başladı, dedilər ki, bu, ürəklə ayaqları müalicə etmək olmaz. Gərək əvvəl ürəyi əməliyyat edək. Açıq əməliyyat oldu, dörd damar dəyişildi.

Həmin gün həm ürəyimi əməliyyat etdilər, həm ayağımı. 9-10 saat əməliyyat masasında olmuşam, 20 saat da narkozda.

- İndi özünüzü necə hiss edirsiniz?

- Yaxşı idim, ta iki dəfə COVID keçirənə qədər. Yoxsa daha yaxşı olardım.

- Yəqin özünüzü təcrid etməmisiniz.

- Birinci dəfə koronavirusa hüzr yerində yoluxdum. Aktyor həmkarımız Əli Nurun şəhid oğlunun yas məclisində. İkinci dəfə isə teatrda kimsə xəstəliyini gizlətmişdi, elə yoluxdum.

- Kazım müəllim, ağır ürək əməliyyatının, iki dəfə koronavirusun öhdəsindən gəlmisinizsə, daha sizə zaval yoxdur.

- Allah yazan ömürdür, alnımıza nə yazılıbsa, o da olacaq.

“Arxa-dayağım yox idi”

- Siz teatr tamaşalarında çox rollar oynamısınız. Amma filmlərdə az görmüşük sizi. Halbuki həm texnika, həm faktura baxımından möhtəşəm filmlərin baş qəhrəmanı ola bilərdiniz.

- Mən özüm də buna təəssüflənirəm. Amma o vaxt arxa-dayağım, heç kimim yox idi, fəhlə ailəsindən çıxmışdım. Bizim nəslimizdə aktyor, məşhur adam olmayıb. Birinci mən idim.

- Baş rollara çəkilən Rasim Balayevin arxa-dayağı var idimi?

- Rasim Balayev “Nəsimi” obrazına çox oxşayırdı.

- Bəs “​Babək”ə necə?

- “Nəsimi”dən sonra o artıq Rasim Balayev idi. “Babək”dən əvvəl Əməkdar artist idi. Rusiyada, Ukraynada, Belarusda çəkilmişdi, ən yaxşı kişi rollarının mükafatını almışdı.

Bəxt də yaxşı şeydir. Biz pis vaxta düşdük. 90-cı illərdən sonra kino dayandı. 90-cı illərdə mən təzə-təzə kinolara çəkilməyə başlamışdım, özü də baş rollar idi. Sonra aləm qarışdı.

Sonuncu çəkildiyim Azərbaycan və Belarusun birgə istehsalı olan “Alman klinikasına şəxsi səfər” filmi idi.

Rasim Balayev baş rolda oynayırdı, əsas rollarda da Ramiz Novruz və mən. İkiseriyalı film idi, yaxşı da çəkilmişdi. Çox təəssüf ki, kino ondan sonra dayandı. Ən gözəl, işlək vaxtlarımız kinonun tənəzzülü dövrünə düşdü.

- “Atları yəhərləyin” filmində “Qurd Kərim” at üstündə çətin bir fənd icra edir. Sizi kaskadyor əvəz etmişdi, yoxsa özünüz idiniz?

- Yox, özüm etmişdim. Cavan idik də, qorxmurduq. Yaxşı at çapırdım mən. O vaxt “Nəsimi” filminə çəkiləndə ippodromda at çapır, məşq edirdik. Kinostudiyanın sayəsində at çapmağı öyrəndim. Sonra “Qaçaq Nəbi”, “Qorxma, mən səninləyəm” filmlərində çəkildim.

- Sizə çox vaxt mənfi rol həvalə ediblər. Deyilənə görə, əslində təbiətcə mülayim insansınız. Nə üçün rejissorlar sizdə mənfi insanı görürlər?

- Vallah, bilmirəm, cinə-şeytana oxşayıram yəqin. Ondan başqa nağıl filmlərinə də çəkilmişəm, hamısı da qorxulu rollar olub.

- Məsələn, hansı qəhrəmanı oynamaq istərdiniz?

- Daha heç kimi (gülür). Yaş da öz işini görür, artıq 70-i keçmişəm.

- Məsələn, sizə tarixi şəxsiyyət rolları çox yaraşar, amma əsəbi ata rollarını verirlər.

- Çünki indi tarixi şəxsiyyətlərlə bağlı film çəkilmir. İstəsək də, istəməsək də, məcburən çəkilirik. Çox vaxt istəməyə-istəməyə, maddi cəhətdən korluq çəkməmək üçün razılıq verirəm. Artıq uşaqları yerbəyer etmişəm, tək adamam. Ona görə çox ora-bura qaçmıram. Xoşuma gəlirsə, çəkilirəm, xoşuma gəlmirsə, çəkilmirəm.

- Tək demişkən, təklik sizi qorxutmur?

- Yox, qorxutmur.

“Pərəstişkarlarımı özümə yaxın buraxmamışam”

- Kazım müəllim, nədənsə sevgi haqqında suallara son vaxtlarda normaya çevrilmiş bir cavab var: “Sevgi təkcə bir qadına, ya da bir kişiyə qarşı olmur ki. Sevgilər müxtəlifdir: vətənə sevgi, sənətə sevgi...” və sair və ilaxır. Sizcə, insanlar niyə bu sualdan qaçmağa üstünlük verirlər?

- Ailəyə sevgini unutdunuz. Ailəyə sevgi olmur bəyəm?

- Siz də qismən sualdan qaçdınız... Yaxşı, sizə qarşı olan sevgidən danışaq. Siz yaraşıqlı, məşhur aktyorsunuz, yəqin ki, gənclik illərində pərəstişkarlarınız çox olub.

- Çox olub, amma mən yaxına buraxmamışam.

- Kazım müəllim, ciddisiniz?

- Əlbəttə. Amma indi peşmanam. Öz xarici görünüşümdən istifadə etməmişəm heç vaxt. Aktyorlar vardı ki, məni danlayırdılar. “O səni sevdiyini deyir, sən isə…” Mən məsafə saxlamışam həmişə.

- İnsan neçə dəfə sevə bilər?

- İnsan həyatı boyu sevə bilər. Sevgisiz yaşamaq olmaz ki. İnsan gərək sevsin ki, həyata marağı olsun.

- Sizcə, ideal qadın necə olmalıdır?

- Qəşəng olmalıdır, dığ-dığ eləməməlidir. İnsanı qocaldan qadınların dığ-dığıdır. Evə gələndə səni gülərüzlə qarşılamalıdır. Gedəndə gülərüzlə yola salmalıdır.

- Dünya kinosunda sevdiyiniz aktrisa varmı?

- O barədə fikirləşməmişəm.

- Yaxşı, bu sualı keçdik. Qonaq olduğunuz televiziya verilişlərində sizi izləmişəm, siz sanki həmişə darıxırsınız, adama elə gəlir, bu dəqiqə durub gedəcəksiniz. Bu darıxmağın səbəbi nədir?

- Mən boş qalmağı xoşlamıram. Baxın, indi kinoya çəkilirəm, amma teatrsız qala bilmirəm. Səhər yuxudan duranda gərək mütləq gəlib teatra baş çəkim. Elə adamlar var ki, burada işləyirlər, aylarla teatra gəlmirlər. Ancaq mən teatrsız qala bilmirəm.

Ştatda olmayanda da gündə buradaydım. Hər gün gəlirdim. Düzdür, hərdən AzTV-yə dublyaja qaçırdım, çünki maaşı oradan alırdım. Yaxşıdır ki, dublyajdan anlayışım var. Dublyajlar mənə çox kömək edib; həm uşaqlar oxuyan vaxt, həm sonra.

“Filmdə mahnı da oxumuşam”

- Mindən çox film səsləndirmisiniz. Sovet dövrü dublyajı ilə müasir dublyajı müqayisə edəndə hansına üstünlük verərdiniz?

- İndi dublyaj o qədər də çətin deyil. Çünki kompüterlə işləyirlər. Əvvəl çox çətin idi. Səslər bir lentə yazılırdı və əgər filmdə beş səs vardısa, hamısı sinxron olmalıydı. Əks halda təzədən yazılırdı.

İndi kompüterdə bir hərf çatmayanda belə onu tapıb düzəldirlər. Ümumiyyətlə, dublyaj sənəti çox çətin sənətdir. Çünki insanlar zəhmət çəkib, rol oynayıblar. Onların zəhmətini yerə vurmaq olmaz.

Əgər onun hisslərini göstərə bilməyəcəksənsə, onda eləmə. Ona görə mən dublyaja həmişə çox ciddi yanaşmışam. Bir ara İran seriallarını dublyaj edirdik – 40, 50, 60 seriya. Yəqin “Həzrəti Yusif”ə də baxmısınız, mənim orada çox gözəl işim var. Hətta bəzi aktyorlar mənə dedilər ki, sən bundan sonra heç nə yazma, bu artıq zirvədir.

Dedim, zirvə deyil, bundan sonrası da var. Ondan sonra da səsləndirdiyimiz yaxşı seriallar oldu.

Son vaxtlar dublyaj işlərini bir az azaltmışam, getmirəm. Maddi cəhətdən qiymət verilmir.

- Sovet dövründə qonorar necə yazılırdı?

- Əvvəllər bir filmi 4-5 günə yazırdılar, hər günə pul yazılırdı. İndi bir filmi iki saatın içində yazıb 25 manat verirlər. Bir-iki saatın içində keyfiyyətli iş görmək olmur axı. Ona görə dublyajlar bizdə zəif alınır.

- Bəs təbiilik baxımından filmlərin səslənməsi o vaxt yaxşıydı, ya indi?

- O vaxt dublyaj daha dəqiq idi. Çünki hər rolu bir aktyor səsləndirirdi. Özü də mətni elə-belə seçmirdilər. Gərək dodaqlar düz gəlsin, danışıq uyğun olsun. Orada “a” deyirsə, burada da “a” ilə başlayan söz gəlməlidir. Amma indi elə deyil.

- Köhnə Azərbaycan filmlərində nədənsə aktyorlar öz rollarını səsləndirmirdilər. Rolu biri oynayır, səsi başqa aktyorun olurdu.

- Mənim səsimi “Qorxma, mən səninləyəm”də başqa bir aktyor dublyaj etmişdi. O vaxt cib telefonları yox idi, məni tapa bilmədiklərindən, səsimi ayrı adama vermişdilər. Amma korlamışdı, gərək özüm oxuyardım.

“Alman klinikasına şəxsi səfər”də rəhmətlik Ramiz Əzizbəyli dedi ki, gərək sənin səsini başqa adama verərdik. Dedim, nə üçün?

- Çünki Ramiz Əzizbəyli özü kinoda bütün uyğun və uyğun olmayan rolları səsləndirib. Yaşar Nurini belə! Aktyorun öz səsini ozündən yaxşı kim səsləndirə bilər?!

- Hə, o filmi də yaxşı səsləndirmişdim, hətta bir-iki mahnı da oxumuşdum.

- Siz mahnı da oxuyursunuz?

- Filmdə oxumuşdum. Əvvəl rolum gürcü obrazı idi. Sonra rejissorla danışdım, dedim, filmi “Azərbaycanfilm” çəkir, obrazlar müxtəlif millətlərin nümayəndələridir, bu da azərbaycanlı olsun. Fikirləşdi, razılaşdı.

“Almanlar bahalığı görüb qaçdılar”

- “Absurdistan” filmindən danışaq. Necə oldu ki, alman rejissoru bu filmi Azərbaycanda çəkdi?

- Burada almanlar da film çəkiblər, ruslar da... Onlar üçün təzə, maraqlı məkan idi. Ruslar dedilər ki, Rusiyada yer qalmayıb, hər yerdə çəkmişik, burada gözəl yerlər var, çəkək. “Absurdistan” da eləcə.

Çox təəssüf ki, arada elə söz-söhbətlər oldu ki, hamısı qaçıb getdilər. Dedilər ki, bura İtaliyadan da baha başa gəlir. Həmin alman rejissoru iki-üç ildən sonra yenidən gəlib burada film çəkdi və məni dəvət elədi. Əslində mən razı olmurdum, çünki bizimkilər az pul vermək istəyirdi.

- Məgər qonorarı almanlar vermirdi?

- Onlar pulu buradakı prodakşna təhvil verirdilər, onlar da aktyorların qonorarını ödəyirdilər.

Sonra rejissor demişdi ki, mən bura iki kisə avro gətirmişdim, pullar hara getdi? Prodakşn sahibləri isə özlərinə ev aldılar, maşın aldılar...

- Təəssüf...

- Rus prodüseri gəlmişdi, burada beş film çəkmək fikri vardı. Elə şərait yaratdılar ki, çəkə bilmədi. Halbuki çəksəydi, Azərbaycan aktyorları irəli gedə, dünya səviyyəsində tanına bilərdilər. Maddi baxımdan qazancları olardı. Axı biz kimdən əksikik?

Rus rejissorları bizdən çox razı qalmışdılar. Deyirdilər ki, sizinlə işləmək çox asandı. Elə almanların özləri də. O filmdə Fransadan tutmuş Mərakeşə qədər, hər ölkədən 4 aktyor çağırılmışdı. İki qadın, iki kişi. Bizdən bir az çox idi. Ən çətin işləri biz görürdük, amma onların aldıqları bizdən 50 dəfə çox oldu.

- Rusların hansı seriallarında oynamısınız?

- Üç rus serialına çəkilmişəm. “Silah”, “Biz sizə müharibə elan edirik” və daha bir serialda.

Hətta belə olmuşdu ki, Moskvada ayın 9-u çəkilişim vardı, ayın 10-u isə burada tamaşa salmışdılar. Ayın 9-u orada çəkildim, gecəylə qayıtdım Bakıya, ayın 10-da tamaşanı oynayıb təzədən gecəylə Moskvaya uçdum.

- Kimi oynayırdınız?

- “Azərbaycanlı kriminalist”i.

- Onlar da sizdə kriminalisti görmüşdülər?

- Hə, onlar da… (Gülür).

- “Seçilən” filmində erməni terrorçunu oynadıqdan sonra insanlarda sizə qarşı antipatiya hissləri olmadı ki?

- Yox, yox. Ancaq Rus Dram Teatrında filmin premyerası vaxtı zalda bir-iki söyüş eşidildi. Təbii ki, obraza qarşı, mənə yox. Amma şəhərdə gəzəndə yaxınlaşıb deyirdilər ki, çox sağ olun ki, siz ermənilərin iç üzünü, vəhşiliklərini göstərmisiniz.

İki erməni rolunda çəkilmişəm. Ceyhun Mirzəyev məni “Fəryad” filmində erməni roluna dəvət edəndə dedim, Ceyhun, iki erməni rolunu oynamışam, daha bəsdir. Çəkilmədim. Amma əgər bilsəydim ki, bu, Ceyhun Mirzəyevin sonuncu filmi olacaq, çəkilərdim...

- Kazım müəllim, Xalq artistisiniz, çox rollar oynamısınız, çox uğurlar qazanmısınız, bundan sonra neyləmək istərdiniz?

- Dincəlmək! Təbii, bu, zarafatdır. “Xalq artisti” adı məsuliyyəti daha da artırır. Mən onsuz da fəxri adım olsa da, olmasa da, həmişə işlərimə qarşı ciddi olmuşam.

İşləmək istəyirəm, çox istəyirəm. Rəhmətlik Azərpaşa müəllim (Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov - red.) əməliyyatdan sonra mənə toxunmadı ki, bir-iki il özümə gəlim.

Son tamaşam “Natəvan” olub. Yeni tamaşada oynamalıydım, amma bir layihədə çalışıram. Hindistan kinematoqrafçıları burada bir film çəkirlər. Mənim də yaxşı bir rolum var. Bu ay film bitməlidir, yəqin ki, növbəti tamaşada oynayacağam.

- Deməli, daha darıxmayacaqsınız. Bayaq dediniz ki, teatrda iş olmayanda bərk darıxırsınız.

- Hə, bu dünyada ürəkdən sevinə bildiyim yerdir teatr. Onda hər şeyi unudursan, tamam başqa adam olursan…


Müəllif: Günel Natiq

Oxşar xəbərlər