28 Fevral 11:10
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda aprel-may aylarında parlament seçkilər keçiriləcək. Ölkə Baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin beynəlxalq aləmdə mövqelərini gücləndirəcəyini vəd edib. Modi qələbəsinə əmindir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, “Bharatiya Janata” 2014-cü ildən bəri hakimiyyətdədir, patiya 542 nəfərlik parlamentdə 323 mandata malikdir:

“Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığını davam etdirmək istəyir. Seçkinin aprel-may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabrda müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisində qələbəsinə əmindir. Münxen Təhlükəsizlik Konfransında iştirak edən Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar “necə olur ki, Dehli eyni anda Rusiyadan neft, ABŞ-dən hərbi texnika alır” sualına belə cavab verib ki, bu, ölkəsi üçün problem deyil. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib.

Hindistanın Rusiyadan neft almasına baxmayaraq, hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin baş Komandanı David İsom Hindistanın Vaşinqton və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını deyib. İsom bildirib ki, Dehli beynəlxalq ortaqlıqların qorunmasında mühüm rola malikdir.

Dehlinin önəm verdiyi digər istiqamət Avropadır. Hindistan və Avropa İttifaqı prioritetlər siyahısında birinci yerdə olan ticarət, turizm və müdafiə sahələrində əlaqələrini dərinləşdirib. Avropa İttifaqının Xarici Fəaliyyətlər Xidmətinin baş katibi Stefano Sannino Dehlidə olarkən Hindistanla əlaqələri yüksək qiymətləndirib”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Hindistan xarici siyasətlə yanaşı, hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır:

“Buna misal olaraq Dehlinin Hindistanın ordusunun modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar. “The Economic Times”ın məlumatına görə, bura Hindistan Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaqmənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü də daxildir”.

Mərkəzin ekspertləri Qərbin Uzaq Şərqdə Çinə qarşı çəkindirici güc formalaşdırmağa çalışdığını iddia edirlər. Bu baxımdan, Hindistan, Avstraliya, Yaponiya və regionun digər dövlətləri ilə hərbi-siyasi ittifaqların gücləndirilməsinə önəm verildiyi vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər