1 mart 2024-cü il saat 00:00-dan (29 fevral, Bakı vaxtı ilə saat 23:00) Qazaxıstan rəsmi olaraq vahid saat qurşağına keçib.
Teleqraf.com-un məlumatına görə, bundan sonra Qazaxıstanın bütün ərazisinə 5-ci saat qurşağı (UTC+5) tətbiq ediləcək. Əvvəllər ölkədə iki saat qurşağı - UTC+5 və UTC+6 istifadə olunurdu. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında olub.
Bu tədbir nəzərə alınaraq fevralın 29-dan martın 1-nə keçən gecə Manqistau, Atırau, Qərbi Qazaxıstan, Aktobe və Qızılorda vilayətləri istisna olmaqla, bütün regionlarda vaxt bir saat geri çəkilir (UTC+6 zonasında).
Bundan əvvəl qazaxıstanlı ekspertlər qeyd ediblər ki, 6-cı saat qurşağı təbii günəş vaxtı ilə uyğun gəlmir və vətəndaşların sağlamlığına mənfi təsir göstərir. Bundan əlavə, vahid vaxtın olması nəqliyyat və digər kommunikasiyaların koordinasiyasını yaxşılaşdıracaq və biznesə müsbət təsir göstərəcək.