İran bir neçə gün əvvəl Moskva yaxınlığında “Crocus City Hall” konsert zalında baş verən terror aktından əvvəl Rusiyanı bu barədə xəbərdar edib.
Teleqraf.com xəbər verir ki, bu haqda “Reuters” məlumatlı mənbələrə istinadla yazır.
“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı əldə etdiyi bilgilər əsasında Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, - agentlik bildirir.
Mənbələrdən biri söyləyib ki, Tehranın qarşıdan gələn hücumla bağlı Moskvaya verdiyi məlumatda vaxt və dəqiq hədəflə bağlı konkret təfərrüatlar yoxdur.
“Onlara (İŞİD üzvləri) Rusiyada böyük əməliyyata hazırlaşmaq tapşırılıb. Terrorçulardan biri (İranda həbs olunub) bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər”, - ikinci həmsöhbət vurğulayıb.
Başqa bir rəsmi də bu haqda “Reuters”ə danışıb:
“İran illərdir terror hücumlarının hədəfinə çevrildiyinə görə, Tehran həbs edilmiş terrorçulardan əldə edilən məlumatlar əsasında Moskvanı xəbərdar etmək öhdəliyini yerinə yetirib”.
İranın Kəşfiyyat Nazirliyi yanvarın 3-də Kirman şəhərində 100-ə yaxın insanın ölümü ilə nəticələnən iki partlayışda iştirak iddiası ilə 35 nəfəri həbs edib. Nazirlik partlayışa görə İŞİD-in Əfqanıstan qolu “Xorasan” qruplaşmasının komandirini həbs etdiyini açıqlayıb. İrandakı partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Agentlik iddia edir ki, Kirman və Moskva yaxınlığındakı aktlarda Tacikistan vətəndaşları iştirak edir. Təhlükəsizlik ekspertlərinin fikrincə, İŞİD fəal şəkildə yoxsul keçmiş sovet ölkəsi Tacikistandan döyüşçü cəlb edir.