BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi ilə müraciət ediblər. İranlıların məktubunun ardınca biz BMT Təhlükəsizlik Şurasının açıq iclasını tələb etdik. İclas aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a planlaşdırılıb”, – Polyanski bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.