Rusiya müdafiə naziri Sergey Şoyqu 2024-cü ilin ilk üç ayında Ukrayna ərazisinin təxminən 403 kvadrat kilometrini ələ keçirdiklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Analitiklər hesab edirlər ki, rus ordusunun irəliləmə sürəti ABŞ-dən yardımın gecikdirilməsi fonunda Rusiyanın hücumlarının daha geniş perspektivlərini əks etdirmir.
Şoyqunun açıqlamasına gəlincə, ISW bunun həqiqət olmadığını, Rusiya qüvvələrinin 2024-cü il yanvarın 1-dən aprelin 1-dək təxminən 305 kvadrat kilometr ərazini ələ keçirdiklərini bildirir. ABŞ institutu bu qənaətə vizual sübutları əsasında gəlib.
Amerikalı analitiklər söyləyirlər ki, təchizat çatışmazlığı Ukraynanı sursata qənaət etməyə və cəbhənin kritik bölgələri üçün resurslardan məhdud istifadəyə məcbur edir.
Bununla yanaşı, Rusiyanın bu kimi istiqamətlərdə sıçrayış riski artır. Rusiyanın irəliləmə tempi nibətən yavaş olsa da, cəbhədə qeyri-sabitlik var.