İran İsrailin Suriyadakı konsulluğunu bombalamasına görə qisas alacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.
ABŞ kanalının iddiasına görə, Tehran ballistik, qanadlı raketlər və PUA-lardan istifadə olunacağı cavab hücumu planlaşdırır , CBS News yazır .
“Çox güman ki, hücum gələn həftə Ramazan ayının sonuna qədər baş verəcək. Digər mühüm naməlum məqam isə dronlar və raketlərin haradan buraxılacağıdır: İraq, Suriya, ya İran ərazisindən? Bu da Tehranın zəif iddialarına (qisasla bağlı – red.) bəhanə ola bilər”, - məlumatda deyilir.
İsrail molla rejiminin qisas alacağı barədə xəbərdarlıq edib. Amerikalı analitiklər hesab edir ki, İranın İsrailə hücumu regional müharibə yolunda növbəti addım olacaq.
İsrail baş nazirinin müşaviri Dmitri Handelman bildirib ki, rəsmi Yerusəlim İrandan gələn təhdidlər fonunda bir sıra ölkələrdə diplomatik nümayəndəliklərinin işini qismən dayandırıb. Bəzi yerlərdə də diplomatların həyat və səhhətlərinin qorunması məqsədilə şəxsi heyətin qismən təxliyəsi həyata keçirilib.
“Voxnews” bundan əvvəl İrandan İsrailə 48 saat ərzində zərbələrin endiriləcəyini yazmışdı. Həmin xəbərdarlıqdan üç gün keçir.