Qərb Ukraynanın kifayət qədər istehsalı olmadığına görə onun silaha olan tələbatını ödəyə bilmir. Avropalılar isə hələ də hərbi xərcləri artırmağa hazır deyillər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti yazır.
“Bir çoxları təəccüblənəcək ki, bu necə ola bilər. Artilleriya mərmiləri bahalı bir şey deyil. Rusların qarşısını almaq üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem pul deyil, istehsal gücünün olmamasıdır”, - nəşr bildirir.
Məqalədə qeyd olunur ki, hətta ABŞ-nin qüdrətli hərbi sənayesi ayda cəmi 28 000 155 mm-lik mərmi istehsal etməyə qadirdir, bu, Ukraynanın ehtiyacının 10 faizindən də azdır. Söhbət intensiv işləyən zavodlardan gedir.
Qərb indi əlavə döyüş sursatlarının istehsalını artırmağa çalışır, amma temp yavaşdır. Səbəb isə odur ki, Qərb sırf Ukraynaya dəstək naminə genişmiqyaslı istehsalın mənasını görmür. Üstəgəl, Qərb ordularının özləri də bu tip müharibələr aparmağı planlaşdırmır.
Müəllif vurğulayır ki, Qərb hərbi istehsal xərclərini artırmağa hazır deyil və dövlət büdcəsinin sosial proqramlara xərclənməsini davam etdirməyə üstünlük verir.