Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov ölkəsinin Qazaxıstana mümkün hücumu barədə danışmadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi qazaxlara qarşı təhdid xarakterli ifadələrlə bağlı sosial şəbəkələrə sızan səsyazısını “dezinformasiya” adlandırıb.
“Bu gün düşmənin çirkin Teleqram kanallarında mənim adımdan Qazaxıstan Respublikasından olan dostlarımızla aramızı pozmaq cəhdi müşahidə olunur. Bu saxtadır. Neyron şəbəkələr hər şeyi saxtalaşdıra bilər, ona görə də sizi ayıq-sayıq olmağa çağırıram. Heç kimlə dava etməyəcəyik”, - Qurulyov bildirib.
VÇQ-OQPU adlı Teleqram kanalı bundan əvvəl Qurulyovun Rusiya Dövlət Dumasının Müdafiə Komitəsindən olan həmkarlarına göndərdiyi iddia edilən audiomüraciəti dərc edib. Səsyazısında Ukraynadan sonrakı hədəfin Qazaxıstan olacağı iddia olunub.